Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ətrafınızdakı bədəvi ərəblərdən və Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar.
(Tövbə surəsi, 101)
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu elçiyə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
(Nisa surəsi, 83)
Əgər münafiqlər, qəlbində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər.
(Əhzab surəsi, 60)
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
(Əhzab surəsi, 14)
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır.
(Bəqərə surəsi, 204)
(O, səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Allah fitnə-fəsadı sevməz.
(Bəqərə surəsi, 205)