Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
(Əraf surəsi, 57)
Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də belə çıxardılacaqsınız.
(Rum surəsi, 19)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Biz onu (buludu) ölü bir məmləkətə göndərərik və quruduqdan sonra torpağı onunla dirildərik. Axirətdəki diriltmək də belə olacaqdır.
(Fatir surəsi, 9)
Gecə və gündüzün ard-arda gəlməsində, Allahın göydən ruzi (su) endirib onunla torpağı ölümündən sonra diriltməsində və küləkləri əsdirməsində də düşünüb dərk edənlər üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Casiyə surəsi, 5)
Şübhəsiz ki, Allah toxumu və çəyirdəyi çatladandır. O, ölüdən diri, diridən də ölü çıxardar. Budur Allah! Bəs (haqq yoldan) necə döndərilirsiniz?
(Ənam surəsi, 95)
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir və oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.
(Yasin surəsi, 33)
Bilin ki, Allah torpağı ölümündən sonra dirildər. Biz sizə ayələri bəyan etdik ki, düşünüb dərk edəsiniz.
(Hədid surəsi, 17)
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
Allah göydən su endirdi və onunla yer üzünü ölümündən sonra diriltdi. Şübhəsiz ki, bunda (haqqı) dinləyənlər üçün dəlillər vardır.
(Nəhl surəsi, 65)
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Bəqərə surəsi, 164)
Elə isə Allahın mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir.
(Rum surəsi, 50)