Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Ona (elçiyə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz.
(Ənam surəsi, 37)
Əgər istəsəydik, yer üzündə sizin yerinizə keçəcək mələklər yaradardıq.
(Zuxruf surəsi, 60)
İnkar edənlər iman edənlər barəsində: “Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün: “Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər.
(Əhqaf surəsi, 11)
Bundan (Qurandan) əvvəl rəhbər və mərhəmət olaraq Musanın kitabı vardı. Bu (Quran) da zalımlara xəbərdarlıq etmək və yaxşı işlər görənlərə müjdə vermək üçün ərəb dilində nazil olmuş və (əvvəlki ilahi kitabları) təsdiqləyən bir kitabdır.
(Əhqaf surəsi, 12)
(Firon:) “Elə isə bəs əvvəlki millətlərin halı necə olacaq?” - dedi.
(Taha surəsi, 51)
Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!”
(Taha surəsi, 52)
Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” - dedilər.
(Əhqaf surəsi, 22)
Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”.
(Əhqaf surəsi, 23)
Onlar (istehza edərək) dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq qəlblisən, çox ağıllısan!”
(Hud surəsi, 87)
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
(Hud surəsi, 88)
Onlar: “Rəbbindən ona möcüzələr endirilməli deyildimi?” - dedilər. De ki: “Möcüzələr yalnız Allah dərgahındandır. Mən isə yalnız açıq-aşkar xəbərdar edənəm”.
(Ənkəbut surəsi, 50)
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi.
(Ənam surəsi, 8)
Əgər onu (elçini) bir mələk etsəydik, şübhəsiz ki, onu da bir insan surətinə salar və yenə onları düşdükləri şübhəyə salardıq.
(Ənam surəsi, 9)
Yoxsa: “Onu özündən uydurmuşdur!” - deyirlər?! De: “Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”.
(Əhqaf surəsi, 8)
Yoxsa onlar: “Onu özündən uydurdu!” - deyirlər?! De ki: “Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”
(Hud surəsi, 35)