Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qamər surəsi, 9)
Onlar dedilər: “Bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də sənə iman edən deyilik”.
(Əraf surəsi, 132)
Onlardan birinə: “İnsanları xəbərdar et və iman edənləri müjdələ ki, onlar üçün Rəbbi yanında bir doğruluq məqamı vardır”, - deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi?! İnkar edənlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır”, - dedilər.
(Yunis surəsi, 2)
Onlar dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Həqiqətən, sən divanəsən!
(Hicr surəsi, 6)
İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
(Furqan surəsi, 4)
Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.
(Ənbiya surəsi, 5)
Onlar öz içlərindən xəbərdar edən bir elçinin gəlməsinə təəccüb etdilər və inkar edənlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.
(Sad surəsi, 4)
Firon qövmünün başçıları dedilər: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır.
(Əraf surəsi, 109)
O sizi torpağınızdan çıxartmaq istəyir. Elə isə nə əmr edirsiniz?”
(Əraf surəsi, 110)