Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
(Bəqərə surəsi, 35)
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
(Allah buyurdu:) “Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.
(Əraf surəsi, 19)
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”.
(Əraf surəsi, 20)
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara: “Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi.
(Əraf surəsi, 22)
Allahın, gözəl bir sözü, kökü (yerdə) sabit duran, budaqları isə göydə olan gözəl bir ağaca bənzədərək necə bir misal çəkdiyini görmədinmi?!
(İbrahim surəsi, 24)
Pis bir söz isə, yerdən çıxarılıb (kökü üstə) dura bilməyən pis bir ağaca bənzəyir.
(İbrahim surəsi, 26)
Göydən su endirən Odur. Ondan həm içirsiniz, həm də onun vasitəsilə otlaqlarınız göyərir.
(Nəhl surəsi, 10)
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur!
(Nəhl surəsi, 68)
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır.
(İsra surəsi, 60)
Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.
(Taha surəsi, 18)
Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi?
(Taha surəsi, 120)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir.
(Muminun surəsi, 20)
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)
(Şərik qoşduqları xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür.
(Nəml surəsi, 60)
Ora gəlib çatdıqda sağdakı vadi tərəfdə olan mübarək yerdə olan ağacdan belə bir nida gəldi: “Ey Musa, Mən aləmlərin Rəbbi olan Allaham!
(Qəsas surəsi, 30)
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
(Loğman surəsi, 27)
Ancaq onlar haqdan üz döndərdilər. Biz də onların üstünə Ərim selini göndərdik. Beləcə, onların bağlarını acı meyvəli və bir az da sidr ağacı bitən bağlara çevirdik.
(Səba surəsi, 16)
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?
(Saffat surəsi, 62)
Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız.
(Yasin surəsi, 80)
Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik.
(Saffat surəsi, 146)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)
Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
(Qaf surəsi, 10)
Bitkilər də, ağaclar da Allaha səcdə edir.
(Rəhman surəsi, 6)
(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında,
(Vaqiə surəsi, 29)
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz.
(Vaqiə surəsi, 52)
Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
(Vaqiə surəsi, 72)
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür.
(Həşr surəsi, 5)