Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
(Bəqərə surəsi, 168)
Ey iman edənlər, bütövlüklə İslama daxil olun (İslamın bütün əmrlərini yerinə yetirin)! Şeytanın addımlarını izləməyin! Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
(Bəqərə surəsi, 208)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Ey iman edənlər! Allah yolunda cihada çıxdığınız zaman yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 94)
Yer üzündə səfərə çıxdığınız zaman, əgər inkar edənlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, inkar edənlər sizin açıq-aşkar düşməninizdir.
(Nisa surəsi, 101)
Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
(Ənam surəsi, 142)
Ey iman edənlər! Şeytanın addımlarını izləməyin! Kim Şeytanın addımlarını izləyərsə, həqiqətən, o, çirkin işləri və pisliyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kim əsla təmizlənə bilməzdi. Lakin Allah dilədiyi kimsəni təmizləyər. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
(Nur surəsi, 21
)