Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir.
(Ənam surəsi, 108)
Ölü ikən diriltdiyimiz və insanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı? Beləcə, etdikləri əməllər inkar edənlərə gözəl göstərilmişdir.
(Ənam surəsi, 122)
Beləcə, onların ortaqları (olan şeytanlar) müşriklərin bir çoxuna övladlarını öldürməyi gözəl göstərdi ki, həm onları məhv etsinlər, həm də dinlərini qarışdırıb pozsunlar. Əgər Allah diləsəydi, bunu etməzdilər. Onları uydurduqları şeylərlə baş-başa burax!
(Ənam surəsi, 137)
Ey Adəm övladları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar.
(Əraf surəsi, 26)
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular.
(Əraf surəsi, 148)
(Haram ayları) gecikdirmək ancaq küfrü artırmaqdır. İnkar edənlər onunla (haqq yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyinin sayını düzəltmək və Allahın haram etdiyi şeyləri halal etmək üçün onu (haram ayı) bir il halal, bir il isə haram sayırlar. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərilmişdir. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz!
(Tövbə surəsi, 37)
İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
(Yunis surəsi, 12)
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir.
(Rad surəsi, 17)
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, inkar edənlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
(Rad surəsi, 33)
Həqiqətən, Biz göydə bürclər yaratdıq və seyr edənlər üçün onları bəzədik.
(Hicr surəsi, 16)
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam.
(Hicr surəsi, 39)
Atları, qatırları və uzunqulaqları da minəsiniz və zinət olsun deyə (Allah yaratdı). O, sizin bilmədiklərinizi (başqa minik vasitələri) də yaradır.
(Nəhl surəsi, 8)
Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
(Nəhl surəsi, 14)
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik. Ancaq şeytan onlara (o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 63)
Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
(Kəhf surəsi, 7)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O nə gözəl mükafat və nə yaxşı məkandır!
(Kəhf surəsi, 31)
Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.
(Taha surəsi, 87)
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
(Taha surəsi, 131)
Şübhəsiz ki, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər. Onların oradakı libasları isə ipəkdəndir.
(Həcc surəsi, 23)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları onlara günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
(Nur surəsi, 60)
Şübhəsiz ki, axirətə inanmayanların əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdan gəzərlər.
(Nəml surəsi, 4)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)
Sizə verilən hər şey dünya həyatının neməti və bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?
(Qəsas surəsi, 60)
Ad və Səmud qövmünü də (məhv etdik). Bu (onların başına gələnlər), məskənlərindən sizə bəlli olmuşdur. Şeytan onlara gördükləri işləri gözəl göstərdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq kimsələr idilər.
(Ənkəbut surəsi, 38)
Ey elçi! Zövcələrinə de: “Əgər dünya həyatını və onun bər-bəzəyini (rifahını) istəyirsinizsə, gəlin sizə boşanma haqqınızı verim və gözəl bir şəkildə sizi boşayım.
(Əhzab surəsi, 28)
Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
(Əhzab surəsi, 33)
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12)
(Onların mükafatı) daxil olacaqları Ədn cənnətləridir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzənərlər. Oradakı paltarları da ipəkdəndir.
(Fatir surəsi, 33)
Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.
(Saffat surəsi, 6)
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
(Fussilət surəsi, 12)
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
(Fussilət surəsi, 25)
Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?!
(Zuxruf surəsi, 18)
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 14)
Bilin ki, sizin aranızda Allahın elçisi vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, həqiqətən, siz çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirib onu qəlbinizə gözəl göstərdi. Küfrü, günahı və asiliyi isə sizə çirkin göstərdi. Əsil doğru yolda olanlar onlardır.
(Hucurat surəsi, 7)
Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
(Qaf surəsi, 6)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.
(Mülk surəsi, 5
)