Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Lakin şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən (cənnətdən) çıxartdı. Biz də: “Bir-birinizə düşmən olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın!” - dedik.
(Bəqərə surəsi, 36)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
(Ali İmran surəsi, 14)
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Allah buyurdu: “Bir-birinizə düşmən olaraq (yuxu aləminə) enin! Yer üzündə sizin üçün müəyyən bir vaxta qədər sığınacaq yer və dolanacaq vardır”.
(Əraf surəsi, 24)
Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik.
(Yunis surəsi, 23)
Onlar üçün dünyada bir az dolanacaq vardır. Sonra onların dönüşü Bizədir. Sonra da (haqqı) inkar etdiklərinə görə onlara şiddətli əzabı daddıracağıq.
(Yunis surəsi, 70)
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
(Hud surəsi, 3)
Allah göydən su endirdi. Beləcə, vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Allah haqq və batil üçün belə misallar çəkir. Köpük yox olar. Ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Allah belə misallar çəkir.
(Rad surəsi, 17)
Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
(Rad surəsi, 26)
Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi.
(Nəhl surəsi, 80)
(Onların qazandığı) az bir mənfəətdir. Halbuki onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 117)
Heç kimin yaşamadığı və istifadə edə biləcəyiniz (karvansaray və s. kimi) evlərə isə (icazəsiz) daxil olmaq sizə günah deyildir. Allah sizin aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.
(Nur surəsi, 29)
Evlənməyə gücü çatmayanlar isə, Allah Öz lütfü ilə onları zəngin edənə qədər iffətlərini qorusunlar. Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin! Dünya həyatının mənfəətini əldə etmək məqsədilə namuslu qalmaq istəyən cariyələrinizi zinaya məcbur etməyin! Kim onları məcbur edərsə, (bilinməlidir ki,) onların bu məcburiyyətindən sonra, şübhəsiz ki, Allah (o cariyələri) bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 33)
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Furqan surəsi, 18)
Özlərinə verilən nemətlər onlara heç bir fayda verməz.
(Şuəra surəsi, 207)
Sizə verilən hər şey dünya həyatının neməti və bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha əbədidir. Hələ də dərk etmirsinizmi?
(Qəsas surəsi, 60)
Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
(Qəsas surəsi, 61)
Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
(Qəsas surəsi, 61)
Qoy onlara verdiklərimizə nankorluq etsinlər. Siz hələki (verdiyimiz nemətlərdən) faydalanın. Yaxında biləcəksiniz!
(Rum surəsi, 34)
Biz onları bir az (dünya nemətlərindən) faydalandıracaq, sonra da ağır bir əzaba sürükləyəcəyik.
(Loğman surəsi, 24)
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
(Əhzab surəsi, 16)
Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.
(Mömin surəsi, 39)
Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman edib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.
(Şura surəsi, 36)
Xeyr! Bunlara da, onların atalarına da özlərinə haqq və onu bəyan edən bir elçi gələnə qədər dolanışıq verdim.
(Zuxruf surəsi, 29)
Hətta qızıldan edərdik! Bütün bunlar ancaq dünya həyatının dolanışığıdır. Axirət isə Rəbbinin yanında müttəqilərə məxsusdur.
(Zuxruf surəsi, 35)
Həqiqətən, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. İnkar edənlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
(Məhəmməd surəsi, 12)
Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq.
(Vaqiə surəsi, 73)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20
)