Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)
İman edənlər Allah yolunda cihad edərlər. İnkar edənlər isə Tağut (şeytan, dəccal) yolunda cihad edərlər. Elə isə, şeytanın dostlarına qarşı cihad edin! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
(Nisa surəsi, 76)
Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər.
(Ənam surəsi, 123)
Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın elçilərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman etməyəcəyik!” Allah elçiliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
(Ənam surəsi, 124)
Bu belədir! Şübhəsiz ki, Allah inkar edənlərin hiyləsini zəiflədəndir.
(Ənfal surəsi, 18)
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”.
(Yunis surəsi, 21)
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
(Yusif surəsi, 34)
Kral dedi: “Onu mənə gətirin!” Elçi (Yusifin) yanına gəldiyi zaman (Yusif) dedi: “Ağanın yanına qayıdıb ondan soruş ki, əllərini kəsən qadınlara nə olmuşdu?! Şübhəsiz ki, mənim Rəbbim onların hiyləsini yaxşı bilir”.
(Yusif surəsi, 50)
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
(Yusif surəsi, 52)
(Ey Rəsulum!) Bu (Yusifin hekayəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
(Yusif surəsi, 102)
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (bütləri) Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, inkar edənlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz.
(Rad surəsi, 33)
Onlardan əvvəlkilər də (elçilərə) hiylə qurmuşdular. Bütün hiylələr Allaha məxsusdur (Allah onların hiylələrini puça çıxarar). O, hər kəsin nə qazandığını bilir. İnkar edənlər də, (dünya) yurdunun (gözəl) aqibətinin kimin olacağını biləcəklər.
(Rad surəsi, 42)
Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir.
(İbrahim surəsi, 46)
Onlardan əvvəlkilər də (elçilərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab onlara heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi.
(Nəhl surəsi, 26)
Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
(Nəhl surəsi, 127)
Bu zaman Firon dönüb getdi və öz hiyləgərlik vasitələrini (sehrbazlarını) topladıqdan sonra gəldi.
(Taha surəsi, 60)
Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!”
(Taha surəsi, 69)
Onlar bir hiylə qurdular. Biz də özləri də fərqinə varmadan onlara bir hiylə qurduq.
(Nəml surəsi, 50)
Gör onların hiylələrinin axırı necə oldu! Biz onları və onların qövmünü bütövlüklə məhv etdik.
(Nəml surəsi, 51)
Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz inkar edənlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Səba surəsi, 33)
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!
(Fatir surəsi, 43)
Musa Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar: “Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” - dedilər. İnkar edənlərin hiyləsi, əlbəttə, boşa çıxar.
(Mömin surəsi, 25)
Göylərə gedən yollara və Musanın ilahını görüm. Həqiqətən, mən onun yalançı olduğunu düşünürəm”. Beləcə, Firona pis əməli gözəl göstərildi və haqq yoldan çıxarıldı. Fironun hiyləsi, əlbəttə, boşa çıxdı.
(Mömin surəsi, 37)
Beləcə, Allah həmin şəxsi onların hiylələrinin şərindən qorudu. Firon qövmünü isə pis bir əzab bürüdü.
(Mömin surəsi, 45)
Yoxsa onlar bir tələ qurmaq istəyirlər?! Tələyə düşəcək olanlar məhz inkar edənlərdir.
(Tur surəsi, 42)
Onların hiylələri o gün onlara heç bir fayda verməyəcək və onlara heç bir yardım olunmayacaqdır.
(Tur surəsi, 46)
Onlar (mənə qarşı) çox böyük hiylələr qurdular.
(Nuh surəsi, 22)
Əgər sizin bir hiyləniz varsa, Mənə hiylə qurun!
(Mürsəlat surəsi, 39)