Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.
(Ali İmran surəsi, 103)
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Ənam surəsi, 52)
(Allah gecənin zülmətindən) səhəri yarıb çıxarandır. O, gecəni bir istirahət vaxtı, günəşi və ayı da bir ölçü vasitəsi təyin etmişdir. (Bütün) bunlar yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın təqdiridir.
(Ənam surəsi, 96)
Beləliklə, onları dəhşətli bir zəlzələ bürüdü və öz yurdlarında diz üstə düşüb qaldılar.
(Əraf surəsi, 91)
Allaha yalvararaq, Ondan qorxaraq daxilən və astadan səhər-axşam Rəbbini zikr et və qafillərdən olma!
(Əraf surəsi, 205)
O qorxunc səs zalımları bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 67)
(Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
(Hud surəsi, 81)
Əmrimiz gəldiyi zaman Öz mərhəmətimizlə Şüeybi və onunla birlikdə iman edənləri xilas etdik. Zalımları isə, qorxunc səs bürüdü və onlar öz yurdlarında diz üstə çöküb qaldılar.
(Hud surəsi, 94)
Göylərdə və yerdə olanlar da, onların kölgələri də gecə-gündüz istər-istəməz Allaha səcdə edirlər.
(Rad surəsi, 15)
Və ona (Luta) bu əmri vəhy etdik: “Səhər vaxtı bunların (inkar edənlərin) kökü kəsilmiş olacaq”.
(Hicr surəsi, 66)
Sübh çağı qorxunc səs onları da yaxaladı.
(Hicr surəsi, 83)
Səhər (otlağa) göndərərkən, axşam (tövləyə) gətirərkən onlara baxıb zövq alırsınız.
(Nəhl surəsi, 6)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)
Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.
(Məryəm surəsi, 62)
(Həmin çıraqdan) ucaldılmasına və orada Öz adının zikr edilməsinə Allahın izin verdiyi evlərdədir. Orada səhər-axşam Onu təsbeh edərlər.
(Nur surəsi, 36)
Ey iman edənlər! Əlinizin altındakılar (cariyə) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də, onlara da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 58)
Onlar: “(Quran, Məhəmmədin) başqalarına yazdırdığı əvvəlkilərin əfsanələridir. O, səhər-axşam özünə oxunur”, - dedilər.
(Furqan surəsi, 5)
Musanın anasının qəlbində (Musanın həsrətindən başqa) bir şey qalmamışdı. Əgər möminlərdən olsun deyə onun qəlbinə təskinlik verməsəydik, az qala onu büruzə verəcəkdi.
(Qəsas surəsi, 10)
Beləliklə, o, şəhərdə qorxu içində ətrafa göz qoya-qoya səhərə çıxdı. Bir də gördü ki, dünən ondan yardım istəyən həmin adam yenə qışqıraraq onu köməyə çağırır. Musa ona: “Sən, həqiqətən də, açıq-aşkar bir azğınsan”, - dedi.
(Qəsas surəsi, 18)
Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, inkar edənlər nicat tapa bilməzlər”.
(Qəsas surəsi, 82)
Ancaq onlar Şüeybi yalanladılar. Buna görə də onları sarsıntı yaxaladı və öz yurdlarında diz üstə çöküb qaldılar.
(Ənkəbut surəsi, 37)
Ona görə də axşam və səhər Allahı təsbeh edin!
(Rum surəsi, 17)
Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.
(Səba surəsi, 12)
Siz səhər onların yanından keçib gedirsiniz,
(Saffat surəsi, 137)
O əzab onların yurduna endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pis olacaq!
(Saffat surəsi, 177)
Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.
(Sad surəsi, 18)
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)
Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və buna görə də ziyana uğrayanlardan oldunuz.
(Fussilət surəsi, 23)
Allaha və Rəsuluna iman edəsiniz, ona yardım edib hörmət göstərəsiniz və səhər-axşam Allahı təsbeh edəsiniz.
(Fəth surəsi, 9)
Sübh çağında isə istiğfar edirdilər.
(Zəriyət surəsi, 18)
Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
(Qamər surəsi, 34)
Həqiqətən, səhər tezdən daimi bir əzab onları yaxaladı.
(Qamər surəsi, 38)
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
(Qələm surəsi, 17)
Onlar səhər durub bir-birinə belə səsləndilər:
(Qələm surəsi, 21)