Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz bunu o dövrdəkilər və sonradan gələnlər üçün ibrət, müttəqilər üçün də nəsihət olsun deyə etdik.
(Bəqərə surəsi, 66)
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür.
(Bəqərə surəsi, 237)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Maidə surəsi, 8)
Ey Adəm övladları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar.
(Əraf surəsi, 26)
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 36)
Allaha və axirət gününə iman edənlər malları və canları ilə cihad etməkdən (geri qalmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır.
(Tövbə surəsi, 44)
Orada əsla namaz qılma! İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Dırar məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada paklanmağı sevən insanlar var. Allah pak olanları sevər.
(Tövbə surəsi, 108)
Ey iman edənlər! Yaxınlığınızda olan inkar edənlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir!
(Tövbə surəsi, 123)
(Ey elçi!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
(Hud surəsi, 49)
İman edib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir.
(Yusif surəsi, 57)
Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri və kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkar edənlərin aqibəti isə cəhənnəmdir.
(Rad surəsi, 35)
Şübhəsiz, müttəqilər cənnətlərdə və bulaq başlarında olacaqlar.
(Hicr surəsi, 45)
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
(Nəhl surəsi, 30)
(O yurd) daxil olacaqları Ədn cənnətləridir. (Ağacları) altından çaylar axır. Orada onların istədikləri hər şey vardır. Allah təqva sahiblərini belə mükafatlandırır.
(Nəhl surəsi, 31)
Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik. O, çox təqvalı idi.
(Məryəm surəsi, 13)
Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!”
(Məryəm surəsi, 18)
Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.
(Məryəm surəsi, 72)
O gün müttəqiləri bir heyət halında Rəhmanın hüzurunda toplayacağıq.
(Məryəm surəsi, 85)
(Ey elçi!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq.
(Məryəm surəsi, 97)
Ailənə namaz qılmağı buyur! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.
(Taha surəsi, 132)
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Furqanı verdik.
(Ənbiya surəsi, 48)
Budur! Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlbin təqvasındandır.
(Həcc surəsi, 32)
Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!
(Həcc surəsi, 37)
Şübhəsiz ki, sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-getmiş kimsələr barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
(Nur surəsi, 34)
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.
(Furqan surəsi, 15)
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
(O gün) cənnət müttəqilərə yaxınlaşdırılar.
(Şuəra surəsi, 90)
Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)
Allah saleh əməlləri səbəbilə müttəqiləri (cəhənnəmdən) xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar.
(Zumər surəsi, 61)
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
(Məhəmməd surəsi, 15)
Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.
(Məhəmməd surəsi, 17)
İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hucurat surəsi, 3)
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Hucurat surəsi, 13)
Ey iman edənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Mücadilə surəsi, 9)
Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!
(Müddəssir surəsi, 56)
Yaxud təqvanı (Allahdan qorxmağı) əmr edirsə, onda necə?!
(Ələq surəsi, 12
)