Biz səni müjdələyən və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Cəhənnəm əhli barəsində isə sorğu-suala tutulmayacaqsan.
(Bəqərə surəsi, 119)
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Bəqərə surəsi, 213)
Müjdə verən və xəbərdar edən (peyğəmbərlər göndərdik ki,) peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 165)
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir.
(Maidə surəsi, 19)
Düşünmürlərmi ki, yoldaşlarında (Məhəmməd peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur? O ancaq açıq bir şəkildə xəbərdar edəndir.
(Əraf surəsi, 184)
De: “Allahın diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman gətirən bir qövmü xəbərdar edən və müjdələyən bir peyğəmbərəm”.
(Əraf surəsi, 188)
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir.
(Hud surəsi, 12)
İnkar edənlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. Sən yalnız xəbərdar edənsən. Hər qövmün doğru yolu göstərən bir rəhbəri vardır.
(Rad surəsi, 7)
Və de: “Həqiqətən, mən (sizi Allahın əzabı barəsində) açıq-aşkar xəbərdar edənəm!”
(Hicr surəsi, 89)
Biz peyğəmbərləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. İnkar edənlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.
(Kəhf surəsi, 56)
De: “Ey insanlar, mən sizi açıq-aydın xəbərdar edənəm!
(Həcc surəsi, 49)
Aləmləri xəbərdar etsin deyə Furqanı (Quranı) Öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah çox ucadır!
(Furqan surəsi, 1)
Onlar dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
(Furqan surəsi, 7)
Əgər istəsəydik, hər bir məmləkətə bir xəbərdar edən peyğəmbər göndərərdik.
(Furqan surəsi, 51)
Mən ancaq açıq-aşkar xəbərdar edənəm!”
(Şuəra surəsi, 115)
Sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan.
(Şuəra surəsi, 194)
Biz xəbərdar edən bir peyğəmbər göndərmədən heç bir məmləkəti məhv etmədik.
(Şuəra surəsi, 208)
Quran oxumağım da (əmr olunmuşdur). Artıq kim doğru yolu tutarsa, ancaq özü üçün doğru yolu tutmuş olar. Kim doğru yoldan azarsa, de ki: “Mən yalnız xəbərdar edənlərdənəm”.
(Nəml surəsi, 92)
Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar.
(Qəsas surəsi, 46)
Onlar: “Rəbbindən ona möcüzələr endirilməli deyildimi?” - dedilər. De ki: “Möcüzələr yalnız Allah dərgahındandır. Mən isə yalnız açıq-aşkar xəbərdar edənəm”.
(Ənkəbut surəsi, 50)
Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” - deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər.
(Səcdə surəsi, 3)
Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.
(Əhzab surəsi, 45)
Biz səni bütün insanlara yalnız müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik. Lakin insanların çoxu bunu bilmir.
(Səba surəsi, 28)
Biz hansı bir məmləkətə xəbərdar edən bir peyğəmbər göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
(Səba surəsi, 34)
Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər göndərməmişdik.
(Səba surəsi, 44)
Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun.
(Fatir surəsi, 24)
Onlar özlərinə xəbərdar edən bir peyğəmbər gəldiyi təqdirdə, hər hansı millətdən daha çox doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içmişdilər. Onlara xəbərdar edən bir peyğəmbər gəldikdə isə bu onları ancaq haqdan uzaqlaşdırdı.
(Fatir surəsi, 42)
Biz onlara da xəbərdar edən peyğəmbərlər göndərmişdik.
(Saffat surəsi, 72)
Onlar öz içlərindən xəbərdar edən bir peyğəmbərin gəlməsinə təəccüb etdilər və inkar edənlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.
(Sad surəsi, 4)
(Ey Peyğəmbər!) De: “Mən ancaq xəbərdar edən bir peyğəmbərəm. Tək olan və hər şeyə qalib gələn Allahdan başqa heç bir ilah yoxdur!
(Sad surəsi, 65)
Mən ancaq açıq-aydın xəbərdar edən bir peyğəmbər olduğum üçün mənə vəhy olunur”.
(Sad surəsi, 70)
O, müjdə verən və xəbərdar edən bir kitabdır. Ancaq onların çoxu qulaq asmayıb üz döndərdilər.
(Fussilət surəsi, 4)
De: “İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”.
(Əhqaf surəsi, 9)
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”.
(Əhqaf surəsi, 21)
Şübhəsiz ki, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir peyğəmbər olaraq göndərdik ki,
(Fəth surəsi, 8)
Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir peyğəmbər gəldiyinə təəccüb etdilər və inkar edən olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir!
(Qaf surəsi, 2)
Bu (Məhəmməd də) əvvəlki peyğəmbərlər kimi bir peyğəmbərdir.
(Nəcm surəsi, 56)
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir peyğəmbər gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
(Mülk surəsi, 8)
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir peyğəmbər gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
(Mülk surəsi, 9)
De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
(Mülk surəsi, 26)
O dedi: “Ey qövmüm, heç şübhəsiz, mən sizi açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!
(Nuh surəsi, 2)
Sən ancaq qiyamətdən qorxanları xəbərdar edənsən.
(Naziat surəsi, 45
)