Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik.
(Ənam surəsi, 86)
Onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini üstün etdik). Onları seçdik və doğru yola yönəltdik.
(Ənam surəsi, 87)
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman edəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman etdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq.
(Yunis surəsi, 98)
Şübhəsiz, Yunis də elçilərdəndir.
(Saffat surəsi, 139)
Bir zaman o, yüklü bir gəmiyə minib qaçmışdı.
(Saffat surəsi, 140)
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu.
(Saffat surəsi, 141)
O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.
(Saffat surəsi, 142)
Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı,
(Saffat surəsi, 143)
Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı.
(Saffat surəsi, 144)
Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq.
(Saffat surəsi, 145)
Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik.
(Saffat surəsi, 146)
Biz onu yüz min və daha çox kimsəyə elçi göndərdik.
(Saffat surəsi, 147)
Nəhayət, onlar iman etdilər. Buna görə də Biz onları müəyyən vaxta qədər yaşatdıq.
(Saffat surəsi, 148)
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
(Ənbiya surəsi, 88)
Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
(Qələm surəsi, 48)
Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o, qınanmış halda qupquru bir yerə atılacaqdı.
(Qələm surəsi, 49)
Lakin Rəbbi onu seçdi və salehlərdən etdi.
(Qələm surəsi, 50)