Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər şükür edib iman etsəniz, Allah sizə niyə əzab versin? Allah şükürün əvəzini verəndir, hər şeyi biləndir.
(Nisa surəsi, 147)
Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Loğman surəsi, 12)
Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13)
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.
(İbrahim surəsi, 7)
Ey Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin zürriyyəti! Həqiqətən, o, çox şükür edən bir bəndə idi.
(İsra surəsi, 3)
Ey iman edənlər, əgər yalnız Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Ona şükür edin!
(Bəqərə surəsi, 172)
İki dəniz eyni deyildir. Bu şirindir, susuzluğu aparır və içilməsi rahatdır. Digəri isə duzlu və acıdır. Hər birindən təzə (balıq) əti yeyirsiniz və taxacağınız bəzək əşyaları çıxardırsınız. Allahın lütfündən (nəsibinizi) axtarıb şükür edəsiniz deyə, gəmilərin orada dənizi yara-yara üzdüyünü görürsən.
(Fatir surəsi, 12)
Allah sizi heç bir şey bilmədiyiniz halda analarınızın bətnlərindən çıxartdı. Şükür edəsiniz deyə Allah sizə qulaqlar, gözlər və qəlb bəxş etdi.
(Nəhl surəsi, 78)