Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İsa açıq-aşkar möcüzələrlə gəldiyi zaman belə demişdi: “Mən sizə hikmət gətirmişəm və ixtilafa düşdüyünüz məsələlərin bir qismini açıqlamaq üçün gəlmişəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin!
(Zuxruf surəsi, 63)
Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
(Ənbiya surəsi, 28)
Allah iman edib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
(Talaq surəsi, 11)
Müjdə verən və xəbərdar edən (elçilər göndərdik ki,) elçilərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 165)