Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki elçilərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”
(Əhqaf surəsi, 4)
Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?!
(Əhqaf surəsi, 5)
Musa onların heyvanlarını suladı, sonra da kölgəyə çəkilib belə dedi: “Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam”.
(Qəsas surəsi, 24)
Lut dedi: “Ey Rəbbim, fitnə-fəsad törədən bu qövmə qarşı mənə yardım et!”
(Ənkəbut surəsi, 30)
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
(Həşr surəsi, 10)
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
(Sad surəsi, 35)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir.
(Əhqaf surəsi, 16)
Allah iman edənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” - demişdi.
(Təhrim surəsi, 11)
Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!”
(Saffat surəsi, 100)
Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir inkar edəni sağ buraxma!
(Nuh surəsi, 26)
Əgər onları sağ buraxsan, Sənin bəndələrini azdıracaq və əxlaqsız inkar edənlər dünyaya gətirəcəklər.
(Nuh surəsi, 27)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
Beləcə, Musa qorxu içində ətrafa göz qoya-qoya oradan çıxıb belə dedi: “Ey Rəbbim, məni zalım qövmdən xilas et!”
(Qəsas surəsi, 21)
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
(Mömin surəsi, 8)
Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”
(Mömin surəsi, 9)
O zaman İmranın arvadı dedi: "Ey Rəbbim, mən qarnımda olanı hər cür dünyəvi istəklərdən uzaq olaraq Sənə həsr etdim. Onu məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, bilənsən!"
(Ali İmran surəsi, 35)
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlbini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman etməsinlər!”
(Yunis surəsi, 88)
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
(Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
(Məryəm surəsi, 2)
Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
(Məryəm surəsi, 3)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
(Məryəm surəsi, 5)
O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
(Məryəm surəsi, 7)
O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)
Nuh dedi: “Ey Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!”
(Muminun surəsi, 26)
Rəhman və Rəhim olan Allahın adı ilə!
(Fatihə surəsi, 1)
Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha,
(Fatihə surəsi, 2)
Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!
(Fatihə surəsi, 7)
Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
(Muminun surəsi, 28)
Bir də: “Ey Rəbbim! Məni bərəkətli bir yerə endir. Axı sən məskunlaşdıranların ən xeyirlisisən!” – de.
(Muminun surəsi, 29)
Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!
(İsra surəsi, 24)
Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
(Bəqərə surəsi, 127)
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
(Bəqərə surəsi, 128)
Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan, onlara kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir elçi göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”.
(Bəqərə surəsi, 129)
Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.
(Bəqərə surəsi, 201)
Onlar üçün qazandıqlarından (axirətdə) bir pay (mükafat) vardır. Allah çox sürətli haqq-hesaba çəkəndir.
(Bəqərə surəsi, 202)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
(Bəqərə surəsi, 286)
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
Ey Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
(İbrahim surəsi, 38)
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən.
(Ali İmran surəsi, 8)
Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.
(Ali İmran surəsi, 9)
Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
(İbrahim surəsi, 40)
Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”
(İbrahim surəsi, 41)
Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)
(Həvarilər dedilər:) “Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman etdik və elçisinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və elçisini təsdiq edən) şahidlərlə birlikdə yaz!”
(Ali İmran surəsi, 53)
Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və inkar edənlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.
(Ali İmran surəsi, 147)
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!
(Ali İmran surəsi, 191)
Ey Rəbbimiz! Sən, cəhənnəmə atdığın kəsi rüsvay etmiş olarsan. Zalımların heç bir köməkçisi yoxdur.
(Ali İmran surəsi, 192)
Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!
(Ali İmran surəsi, 193)
Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.
(Ali İmran surəsi, 194)
Elçiyə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman etdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz!
(Maidə surəsi, 83)
Musa: “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etdim. Məni bağışla!” - dedi. O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, mərhəmətlidir.
(Qəsas surəsi, 16)
Musa: “Ey Rəbbim, mənə verdiyin nemətlərin haqqı üçün günahkarlara əsla dayaq olmayacağam!” - dedi.
(Qəsas surəsi, 17)
Musa dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla! Bizi Öz mərhəmətinə daxil et. Sən rəhm edənlərin ən rəhmlisisən!”
(Əraf surəsi, 151)
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
(Əraf surəsi, 89)
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman etdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
(Əraf surəsi, 126)
O ikisi belə dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”.
(Əraf surəsi, 23)
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən.
(Əraf surəsi, 155)
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm)”.
(Əraf surəsi, 156)
Onlar da belə dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!
(Yunis surəsi, 85)
Mərhəmətinlə bizi inkar edən qövmdən xilas et!”
(Yunis surəsi, 86)
(Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman etdik. Günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!” - deyən,
(Ali İmran surəsi, 16)
Musa dedi: “Ey Rəbbim, qəlbimi genişlət!
(Taha surəsi, 25)
Şübhəsiz ki, Sən bizi görürsən”.
(Taha surəsi, 35)
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
(Nəml surəsi, 19)
Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalanladı.
(Şuəra surəsi, 117)
Artıq mənimlə onların arasında Sən hökm ver! Məni və mənimlə olan möminləri xilas et!”
(Şuəra surəsi, 118)
Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et!
(Şuəra surəsi, 83)
Mənə, gələcək nəsillər tərəfindən xeyirlə yad edilməyi qismət et!
(Şuəra surəsi, 84)
Məni Nəim cənnətinin varislərindən et!
(Şuəra surəsi, 85)
Atamı da bağışla! Həqiqətən, o, haqq yoldan azanlardandır.
(Şuəra surəsi, 86)
İnsanların dirildiləcəkləri gün məni rüsvay etmə!”
(Şuəra surəsi, 87)
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
(Muminun surəsi, 97)
Ey Rəbbim! Onların mənə yaxın gəlməsindən də Sənə sığınıram!”
(Muminun surəsi, 98)
Elçi dedi: “Ey Rəbbim! Məni yalanlamalarına qarşı mənə yardım et!”
(Muminun surəsi, 39)
Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər.
(Kəhf surəsi, 10)
De: “Ey Rəbbim, (bizi) bağışla və (bizə) rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”
(Muminun surəsi, 118)
De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı (dünyadakı əzablarını) mənə göstərəcəksənsə,
(Muminun surəsi, 93)
Məni zalım qövmün içində buraxma, ey Rəbbim!”
(Muminun surəsi, 94)
Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
(Ənbiya surəsi, 89)
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
(Ənbiya surəsi, 87)
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
(Ənbiya surəsi, 88)
De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!”
(İsra surəsi, 80)