Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
(Bəqərə surəsi, 127)
Yoxsa Yaqubun əcəli gəlib çatdığı zaman yanında idiniz?! O öz övladlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - dedikdə onlar: “Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın tək ilahına ibadət edəcəyik. Biz Ona təslim olanlarıq!” - deyə cavab vermişdilər.
(Bəqərə surəsi, 133)
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
İsmaili, Əlyəsəni, Yunisi və Lutuda (doğru yola yönəltdik). Onların hamısını aləmlərdən (digər insanlardan) üstün etdik.
(Ənam surəsi, 86)
Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
(İbrahim surəsi, 39)
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 54)
O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu.
(Məryəm surəsi, 55)
İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi.
(Ənbiya surəsi, 85)
İsmaili, əl-Yəsəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli kimsələrdəndirlər.
(Sad surəsi, 48
)