Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Heç kimin başqasının əvəzinə bir şey ödəyə bilməyəcəyi, heç kəsdən şəfaət qəbul olunmayacağı və heç kimdən (günahlarının yerinə) fidyə (əvəz) alınmayacağı o gündən qorxun! Onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Bəqərə surəsi, 48)
Heç kəsin başqası üçün bir şey ödəyə bilməyəcəyi, fidyənin qəbul edilməyəcəyi, şəfaətin heç kimə fayda verməyəcəyi və heç bir köməkliyin göstərilməyəcəyi bir gündən (axirət günündən) qorxun!
(Bəqərə surəsi, 123)
Ey iman edənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən əvvəl sizə verdiyimiz ruzidən infaq edin! İnkar edənlər əsil zalımlardır.
(Bəqərə surəsi, 254)
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Uca və böyük olan da Odur!
(Bəqərə surəsi, 255)
Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları onunla (Quranla) xəbərdar et! Onların Allahdan başqa nə bir himayədarı, nə də bir şəfaətçisi vardır. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.
(Ənam surəsi, 51)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Şübhəsiz ki, sizə (dünyada) verdiklərimizi arxada qoyaraq ilk dəfə sizi yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz. Öz aranızda (Allaha) şərik qoşduğunuz şəfaətçilərinizi sizin yanınızda görməyəcəyik. Artıq aranızdakı (əlaqə) kəsilmiş və iddia etdiyiniz (bütlər) də sizdən uzaqlaşıb getmişdir.
(Ənam surəsi, 94)
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı.
(Əraf surəsi, 53)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da işləri tənzimləyərək ərşə istiva edən Allahdır. Onun izni olmadan heç kim şəfaətçi ola bilməz. O, Rəbbiniz olan Allahdır. Elə isə Ona ibadət edin! Hələ də düşünmürsünüzmü?
(Yunis surəsi, 3)
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki: “ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”
(Yunis surəsi, 18)
(O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.
(Məryəm surəsi, 87)
O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.
(Taha surəsi, 109)
Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
(Ənbiya surəsi, 28)
Artıq bizim heç bir şəfaətçimiz yoxdur.
(Şuəra surəsi, 100)
(Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
(Rum surəsi, 13)
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra ərşə istiva edən (ərşi hökmranlığı altına alan) Allahdır. Ondan başqa heç bir dostunuz və şəfaətçiniz yoxdur. Yenə də düşünüb öyüd almırsınızmı?
(Səcdə surəsi, 4)
Onun hüzurunda, izin verdiyi kimsələrdən başqasının şəfaəti fayda verməz. Nəhayət, onların qəlbindən qorxu çıxdığı zaman: “Rəbbiniz nə buyurdu?” - deyərlər. Onlar da: “Haqq olanı buyurdu. O ucadır, böyükdür!” - deyərlər.
(Səba surəsi, 23)
Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
(Yasin surəsi, 23)
Yoxsa onlar Allahdan başqalarını özlərinə şəfaətçi qəbul etdilər? De: “Onlar heç bir şeyə malik olmasalar və heç nəyi dərk etməsələr də?”
(Zumər surəsi, 43)
De: “Şəfaət bütövlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı Onundur. Sonra Ona qaytarılacaqsınız”.
(Zumər surəsi, 44)
Yaxınlaşan gün barəsində onlara xəbərdarlıq et! Çünki o zaman onların qəlbi ağızlarına gələcək və qəm-qüssə içində olacaqlar. Zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi vardır.
(Mömin surəsi, 18)
Ondan başqa dua etdikləriniz şəfaət etməyə qadir deyillər. Ancaq bilərək haqqa (tövhidə) şahidlik edənlər bundan istisnadır.
(Zuxruf surəsi, 86)
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allahın istədiyi və razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır.
(Nəcm surəsi, 26)
Artıq şəfaətçilərin şəfaəti onlara fayda verməz.
(Müddəssir surəsi, 48
)