Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey İsrail oğulları, sizə bəxş etdiyim nemətimi yada salın! Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum. Yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 40)
Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman edin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun!
(Bəqərə surəsi, 41)
Bundan sonra qəlbiniz daş kimi qatılaşdı, hətta daha da sərt oldu. Həqiqətən, bəzi daşların içərisindən çaylar axar, bəzisi yarılıb içindən su fışqırar, bəzisi də Allah qorxusundan yuvarlanıb düşər. Allah etdiklərinizdən qafil deyildir.
(Bəqərə surəsi, 74)
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
(Bəqərə surəsi, 150)
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.
(Bəqərə surəsi, 194)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
Sayı bəlli olan günlərdə (Minada) Allahı zikr edin! Kim iki gün ərzində (Minadan qayıtmağa) tələsərsə, ona heç bir günah yoxdur. Kim yubanarsa, ona da heç bir günah yoxdur. Bu, təqva sahiblərinə aiddir. Allahdan qorxun və bilin ki, siz Onun hüzurunda toplanacaqsınız.
(Bəqərə surəsi, 203)
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman edənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
(Bəqərə surəsi, 212)
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver!
(Bəqərə surəsi, 223)
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
(Bəqərə surəsi, 231)
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
Ey iman edənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin!
(Ali İmran surəsi, 102)
O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman etmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
(Ali İmran surəsi, 175)
Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Ali İmran surəsi, 200)
Ey insanlar! Sizi bir nəfsdən xəlq edən, ondan öz zövcəsini yaradan və o ikisindən çoxlu kişi və qadın yaradan Rəbbinizdən qorxun. Adını bir-birinizdən dilədiyiniz Allahdan qorxun. Həmçinin bətnlərin haqqına hörmətsizlik etməkdən çəkinin. Bu bir həqiqətdir ki, Allah sizin üzərinizdə gözətçidir.
(Nisa surəsi, 1)
Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Maidə surəsi, 8)
Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
(Maidə surəsi, 11)
Ey iman edənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
(Maidə surəsi, 35)
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş elçilər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil inkar edənlərdir.
(Maidə surəsi, 44)
Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun!
(Maidə surəsi, 57)
Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman etdiyiniz Allahdan qorxun!
(Maidə surəsi, 88)
Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Maidə surəsi, 96)
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 108)
İman edib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman edər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman edər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər.
(Maidə surəsi, 93)
Eyni zamanda: “Namaz qılın və Ondan qorxun! Siz Onun hüzuruna toplanacaqsınız!” - (deyə əmr edilmişdir)”.
(Ənam surəsi, 72)
Ey Adəm övladları! Sizə içinizdən ayələrimi oxuyan elçilər gəldiyi zaman kim (onlara qarşı çıxmaqdan) çəkinər və özünü islah edərsə, onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Əraf surəsi, 35)
Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
(Ənfal surəsi, 29)
Onlar Məscidi-haramın sahibləri olmadıqları halda (elçinin və möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah onlara nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir.
(Ənfal surəsi, 34)
Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Ənfal surəsi, 69)
Şübhəsiz, gecə və gündüzün dəyişməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan çəkinən bir qövm üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
(Yunis surəsi, 6)
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)
Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər, Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar.
(Rad surəsi, 21)
Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri və kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkar edənlərin aqibəti isə cəhənnəmdir.
(Rad surəsi, 35)
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” - deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, - deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
(Nəhl surəsi, 30)
Onlar üstlərində olan Rəblərindən qorxar və özlərinə əmr olunanları yerinə yetirərlər.
(Nəhl surəsi, 50)
Allah buyurmuşdur: “İki ilah qəbul etməyin! O Allah, tək bir ilahdır. Elə isə, yalnız Məndən qorxun!”
(Nəhl surəsi, 51)
Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din (itaət) də daima Ona aiddir. Elə isə, siz Allahdan başqasındanmı qorxursunuz?
(Nəhl surəsi, 52)
Həqiqətən, Allah pis işlərdən çəkinən və yaxşı işlər görənlərlə birlikdədir.
(Nəhl surəsi, 128)
Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
(Taha surəsi, 113)
Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
(Ənbiya surəsi, 28)
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamətin sarsıntısı çox dəhşətlidir.
(Həcc surəsi, 1)
Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin!
(Muminun surəsi, 52)
Tövbə edərək Ona yönəlin! Ondan qorxun! Namaz qılın və müşriklərdən olmayın!
(Rum surəsi, 31)
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
(Loğman surəsi, 33)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Elçilər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
(Əhzab surəsi, 39)
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.
(Fatir surəsi, 18)
İnsanlardan, heyvanlardan və davarlardan da bu cür müxtəlif rəngli olanlar vardır. Allahdan bəndələri arasında yalnız alimlər (layiqincə) qorxarlar. Həqiqətən, Allah qüdrətlidir, bağışlayandır.
(Fatir surəsi, 28)
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
(Yasin surəsi, 11)
Lakin Rəbbindən qorxanlar üçün Allahın vədi olaraq üst-üstə tikilmiş və altlarından çaylar axan köşklər vardır. Allah vədinə xilaf çıxmaz.
(Zumər surəsi, 20)
Allah, təşbehli (mütəşabeh), ikili kitab olaraq sözün ən gözəlini endirdi. Rəblərinə qarşı içləri titrəyərək-qorxanların Ondan dəriləri ürpərər. Sonra onların dəriləri və qəlbi Allahın zikrinə (qarşı) yumşalar-sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar. Allah, kimi azdırsa, artıq onun üçün də bir yol göstərici yoxdur.
(Zumər surəsi, 23)
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
(Zumər surəsi, 73)
Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun.
(Hucurat surəsi, 10)
Ey iman edənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
(Hucurat surəsi, 12)
Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələn bir qəlblə gələn kimsə üçündür.
(Qaf surəsi, 33)
İman edənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlbinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (elçilərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbi sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.
(Hədid surəsi, 16)
Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 7)
Ey iman edənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Həşr surəsi, 18)
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
(Təğabun surəsi, 16)
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
(Talaq surəsi, 1)
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2)
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
(Talaq surəsi, 4)
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar.
(Talaq surəsi, 5)
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman etmiş təmiz ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.
(Talaq surəsi, 10)
Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Mülk surəsi, 12)
Həqiqətən, bunda (Allahdan) qorxanlar üçün ibrət dərsi vardır.
(Naziat surəsi, 26)
Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa,
(Naziat surəsi, 40)
Allahdan qorxan nəsihəti qəbul edəcəkdir.
(Əla surəsi, 10)
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.
(Beyyinə surəsi, 8
)