Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı. O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi. Elə isə, bilə-bilə Allaha şərik qoşmayın!
(Bəqərə surəsi, 22)
İman edib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
(Bəqərə surəsi, 266)
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
(Əraf surəsi, 57)
Həqiqətən, Firon ailəsini quraqlıq və məhsul qıtlığı ilə cəzalandırdıq ki, bəlkə, düşünüb ibrət alalar.
(Əraf surəsi, 130)
Yer üzünü döşəyən, orada möhkəm dağlar və çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yaradan Odur. O, gündüzü gecəyə qərq edər. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Rad surəsi, 3)
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır.
(Rad surəsi, 4)
Göyləri və yeri yaradan Allahdır. O, göydən su endirib onunla sizin üçün ruzi olaraq meyvələr yetişdirdi. Əmri ilə dənizdə üzsünlər deyə gəmiləri, eləcə də çayları sizin xidmətinizə verdi.
(İbrahim surəsi, 32)
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik.
(Hicr surəsi, 19)
Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi.
(Kəhf surəsi, 34)
Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.
(Kəhf surəsi, 42)
Bəs onlar yer üzündə neçə-neçə gözəl bitkilər yetişdirdiyimizə baxmırlarmı?!
(Şuəra surəsi, 7)
(Müşriklər:) “Əgər biz səninlə birlikdə doğru yola tabe olsaq, yurdumuzdan çıxarılarıq”, - dedilər. Biz onları Öz tərəfimizdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, təhlükəsiz və müqəddəs bir yerdə (Məkkədə) məskunlaşdırmadıqmı?! Lakin onların çoxu bunu bilməz.
(Qəsas surəsi, 57)
Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?
(Yasin surəsi, 35)
“Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin!”
(Qələm surəsi, 22)
Onun meyvələri (dərilməsi asan olsun deyə) yaxın olacaqdır.
(Haqqə surəsi, 23
)