Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O kəslər ki, qeybə (Allaha, mələklərə və axirət gününə) inanır, namazı qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.
(Bəqərə surəsi, 3)
Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi: “Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!”
(Bəqərə surəsi, 33)
(Ey Rəsulum!) Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir.Məryəmi hansı himayəsinə alacaq deyə (püşk üçün) qələmlərini atdıqları zaman sən onların yanında deyildin. (Buna görə) mübahisə etdikləri vaxt da sən onların yanında deyildin.
(Ali İmran surəsi, 44)
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz elçilərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun elçilərinə iman edin! Əgər iman edib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 179)
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?”
(Ənam surəsi, 50)
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır).
(Ənam surəsi, 59)
Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
(Ənam surəsi, 73)
De: “Allahın diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman edən bir qövmü xəbərdar edən və müjdələyən bir elçiyəm”.
(Əraf surəsi, 188)
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun elçisi də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
(Tövbə surəsi, 94)
Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”.
(Yunis surəsi, 20)
Mən sizə: “Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman edən) kimsələr barəsində: “Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlbində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”.
(Hud surəsi, 31)
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
(Hud surəsi, 123)
(Ey Rəsulum!) Bu (Yusifin hekayəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
(Yusif surəsi, 102)
Allah qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!
(Rad surəsi, 9)
Göylərin və yerin qeybini yalnız Allah bilir. Qiyamət ancaq bir göz qırpımında, yaxud daha az bir vaxtda qopacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nəhl surəsi, 77)
De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmünə heç kimi ortaq etməz”.
(Kəhf surəsi, 26)
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
(Məryəm surəsi, 61)
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
Allah qeybi də, aşkarı da biləndir. O, onların şərik qoşduqlarından çox ucadır!
(Muminun surəsi, 92)
De: “Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”.
(Nəml surəsi, 65)
O, gizli olanı da, aşkar olanı da biləndir, yenilməz qüvvət sahibidir, rəhmlidir.
(Səcdə surəsi, 6)
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.
(Səba surəsi, 3)
Halbuki daha əvvəl onu inkar edir və uzaq bir yerdən (dünyada) qeyb haqqında fikir yürüdürdülər.
(Səba surəsi, 53)
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.
(Fatir surəsi, 18)
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Həqiqətən, O, qəlbdə olanları da biləndir.
(Fatir surəsi, 38)
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
(Yasin surəsi, 11)
De: “Ey göyləri və yeri yaradan, gizlini də, aşkarı da bilən Allahım, bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində Sən hökm verəcəksən!”
(Zumər surəsi, 46)
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah sizin bütün etdiklərinizi görür.
(Hucurat surəsi, 18)
Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələn bir qəlblə gələn kimsə üçündür.
(Qaf surəsi, 33)
Yoxsa qeyb xəbərləri onların yanında olub bunu onlarmı yazırlar?!
(Tur surəsi, 41)
Məgər onun əlində qeybə dair məlumatlarmı var ki, görsün?!
(Nəcm surəsi, 35)
Şübhəsiz ki, Biz elçilərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və elçilərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.
(Həşr surəsi, 22)
De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Cümə surəsi, 8)
Görüləni də, görülməyəni də bilən Odur. O, qüdrətlidir, hikmət sahibidir.
(Təğabun surəsi, 18)
Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Mülk surəsi, 12)
Yoxsa qeyb (lövhi-məhfuz) onların yanındadır və onlar (istədikləri kimi) yazırlar?!
(Qələm surəsi, 47)
Qeybi bilən Allahdır və O, qeybini heç kimə göstərməz.
(Cin surəsi, 26)
O, qeyb xəbərləri barəsində xəsis deyildir.
(Təkvir surəsi, 24
)