İbrahim və Yaqub da: “Ey oğullarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə də ancaq müsəlman olaraq can verin!” – deyərək bunu öz oğullarına vəsiyyət etdilər.
(Bəqərə surəsi, 132)
Yoxsa Yaqubun əcəli gəlib çatdığı zaman yanında idiniz?! O öz övladlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - dedikdə onlar: “Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın tək ilahına ibadət edəcəyik. Biz Ona təslim olanlarıq!” - deyə cavab vermişdilər.
(Bəqərə surəsi, 133)
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
(İbrahimin) zövcəsi də orada idi və (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
(Hud surəsi, 71)
O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Onların hər ikisini də peyğəmbər etdik.
(Məryəm surəsi, 49)
Onlar Allahın nemət verdiyi peyğəmbərlərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də peyğəmbərlik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
(Ənbiya surəsi, 72)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
(Ey Peyğəmbər!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et!
(Sad surəsi, 45)
Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.
(Sad surəsi, 46)
Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər.
(Sad surəsi, 47
)