Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın elçilərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman etməyəcəyik!” Allah elçiliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
(Ənam surəsi, 124)
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz elçilərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun elçilərinə iman edin! Əgər iman edib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 179)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
Rəbbin dilədiyini yaradar və seçər. Onların isə seçmə haqqı yoxdur. Allah pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Qəsas surəsi, 68)
Ey insanlar! Elçi Rəbbinizdən sizə haqqı (Quranı) gətirdi. Elə isə, öz yaxşılığınız üçün (ona) iman edin! Əgər (onu) inkar etsəniz, bilin ki, şübhəsiz, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 170)
Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)