Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın!
(Ali İmran surəsi, 196)
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)
Beləliklə, hər bir məmləkətdə günahkarları öndərlər etdik ki, orada hiyləli işlər görsünlər. Halbuki onlar yalnız özlərinə qarşı hiylə edirlər, ancaq (bunu) hiss etmirlər.
(Ənam surəsi, 123)
Çünki sənin Rəbbin əhalisi (elçilərin göstərdiyi haqq yoldan) xəbərsiz olduğu halda məmləkətləri zülmlə məhv edən deyildir.
(Ənam surəsi, 131)
Biz neçə-neçə məmləkətləri məhv etdik. Beləcə, əzabımız onlara gecə, yaxud gündüz istirahət edərkən gəlmişdi.
(Əraf surəsi, 4)
Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni və səninlə birlikdə iman edənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!
(Əraf surəsi, 88)
Əgər o məmləkətlərin xalqı iman edib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (elçiləri) yalanladılar, Biz də onları qazandıqlarına görə (əzabla) yaxaladıq.
(Əraf surəsi, 96)
Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın onlara gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?!
(Əraf surəsi, 97)
Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?!
(Əraf surəsi, 98)
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, elçiləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman edəsi deyildilər. Allah inkar edənlərin qəlbini belə möhürləyər.
(Əraf surəsi, 101)
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman edəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman etdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq.
(Yunis surəsi, 98)
Rəbbin (xalqı) zalım məmləkətləri (əzabla) yaxalayanda məhz belə yaxalayır. Şübhəsiz ki, Onun yaxalaması acılı və şiddətlidir.
(Hud surəsi, 102)
Xalqı əməlisaleh olduğu halda, Rəbbin o məmləkətləri haqsız yerə məhv etməz.
(Hud surəsi, 117)
Biz heç bir məmləkəti təyin edilmiş vaxtı çatmadan məhv etmədik.
(Hicr surəsi, 4)
Bir məmləkəti məhv etmək istədiyimiz zaman oranın bolluq içində yaşayan başçılarına (yaxşı işlər görməyi) əmr edərik. Ancaq onlar orada pis işlər görərlər. Beləliklə, o məmləkət üçün əzab vacib olar və Biz də oranı yerlə yeksan edərik.
(İsra surəsi, 16)
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(İsra surəsi, 58)
Zülm etdikləri zaman o məmləkətləri məhv etdik. Onları məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdik.
(Kəhf surəsi, 59)
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi onlarmı iman edəcəklər?
(Ənbiya surəsi, 6)
Zalım olan neçə-neçə məmləkəti məhv etdik. Onlardan sonra da başqa bir qövm yaratdıq.
(Ənbiya surəsi, 11)
Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur.
(Ənbiya surəsi, 95)
(Xalqı) zülm edərkən məhv etdiyimiz neçə-neçə məmləkət vardır ki, indi oranın divarları, çökən tavanlarının üstünə aşmışdır. Neçə-neçə xaraba qalmış su quyuları və (içində heç kimin yaşamadığı) yüksək saraylar da vardır.
(Həcc surəsi, 45)
Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda onlara möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!
(Həcc surəsi, 48)
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər.
(Furqan surəsi, 40)
Biz xəbərdar edən bir elçi göndərmədən heç bir məmləkəti məhv etmədik.
(Şuəra surəsi, 208)
(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.
(Nəml surəsi, 34)
Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
(Ənkəbut surəsi, 31)
Etdikləri günahlara görə bu məmləkət xalqının üstünə göydən əzab endirəcəyik”.
(Ənkəbut surəsi, 34)
Biz hansı bir məmləkətə xəbərdar edən bir elçi göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
(Səba surəsi, 34)
Rəbbinin və Onun elçisinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.
(Talaq surəsi, 8
)