Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Nəhayət, Adəm Rəbbindən (tövbə etmək üçün xüsusi) sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 37)
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 54)
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
(Bəqərə surəsi, 128)
Ancaq tövbə edib özlərini islah edənlər və (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
(Bəqərə surəsi, 160)
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
(Bəqərə surəsi, 187)
Səndən aybaşı barəsində də soruşurlar. De ki: “O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın! Təmizləndiklərində isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir.
(Bəqərə surəsi, 222)
Əgər (belə) etməsəniz, bilin ki, Allah və elçisi tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız.
(Bəqərə surəsi, 279)
Ancaq bundan sonra tövbə edib doğru yolu tutanlar istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Ali İmran surəsi, 89)
İman etdikdən sonra inkar edən olub, sonra küfrlərini daha da artıranların tövbələri əsla qəbul olunmaz! Onlar (doğru yoldan) azanlardır.
(Ali İmran surəsi, 90)
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır.
(Ali İmran surəsi, 128)
Sizdən iki kişi onu (homoseksuallıq) etsə, hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) düzəltsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
(Nisa surəsi, 16)
Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 17)
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, - deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.
(Nisa surəsi, 18)
Allah (bilmədiklərinizi) sizə açıqlamaq, sizdən əvvəlkilərin getdiyi (yaxşı) yolları sizə göstərmək və sizin tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 26)
Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər.
(Nisa surəsi, 27)
Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nisa surəsi, 92)
Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
(Nisa surəsi, 146)
Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 34)
Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Maidə surəsi, 39)
Onların başına heç bir bəla gəlməyəcəyini zənn edərək kor və kar kimi davrandılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kor və kar kimi davrandı. Allah onların etdiklərini görəndir.
(Maidə surəsi, 71)
Onlar hələ də Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı, Allah bağışlayandır, rəhmlidir.
(Maidə surəsi, 74)
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)
Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi: “Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman edənlərin birincisiyəm!” - dedi.
(Əraf surəsi, 143)
Pis əməllər etdikdən sonra tövbə edib iman edənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin ondan (o tövbədən) sonra bağışlayandır, rəhmlidir.
(Əraf surəsi, 153)
Ən böyük Həcc (Həcci-əkbər) günü Allah və elçisindən insanlara bildiriş! Şübhəsiz, Allah və elçisi müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər (iman etməkdən) üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənləri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 3)
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 5)
Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.
(Tövbə surəsi, 11)
Eləcə də onların (möminlərin) qəlbindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 15)
Bundan sonra Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 27)
(Ey elçi!) Onlar o sözləri söyləmədiklərinə dair Allaha and içirlər. Halbuki, onlar küfr sözünü söyləmiş və müsəlman olduqdan sonra inkar edən olmuşdular. Onlar nail ola bilmədikləri bir işə (elçiyə sui-qəsd etməyə) cəhd etmişdilər. Onlar yalnız Allah və elçisi Öz lütfündən möminləri zəngin etdiyi üçün intiqam almaq istəmişdilər. Əgər tövbə etsələr, bu, onlar üçün daha xeyirli olar. Əgər üz döndərsələr, Allah onlara dünyada da, axirətdə də acı bir əzab verəcəkdir. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi var.
(Tövbə surəsi, 74)
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Tövbə surəsi, 102)
Onlar bilmirlərmi ki, Allah bəndələrinin tövbələrini və sədəqələrini qəbul edir?! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
(Tövbə surəsi, 104)
(Döyüşdə iştirak etməyən) digər bir qrupun işi də Allaha qalıb. O, onlara ya əzab verər, ya da onların tövbələrini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 106)
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!
(Tövbə surəsi, 112)
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Tövbə surəsi, 117)
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbi sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Daha sonra tövbə etsinlər deyə Allah onların tövbəsini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
(Tövbə surəsi, 118)
Onlar hər il bir və ya iki dəfə (qıtlıq, xəstəlik kimi müsibətlərlə) sınandıqlarını görmürlərmi? Sonra da nə tövbə edir, nə də ibrət alırlar.
(Tövbə surəsi, 126)
Həmçinin Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz! Sonra Ona tövbə edin ki, O, (dünyada) müəyyən bir vaxta qədər sizə gözəl nemətlər versin və hər bir yaxşı əməl sahibini mükafatlandırsın. Əgər üz döndərsəniz, (bilin ki,) mən sizin üçün böyük günün əzabından qorxuram.
(Hud surəsi, 3)
Ey qövmüm, Rəbbinizdən bağışlanmanızı diləyin! Sonra Ona tövbə edin ki, göydən sizə bol-bol yağış göndərsin və gücünüzə güc qatsın. Günah işləyərək (haqdan) üz çevirməyin!”
(Hud surəsi, 52)
Səmud qövmünə də qardaşları Salehi (elçi) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
(Hud surəsi, 61)
Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin! Şübhəsiz ki, Rəbbim çox mərhəmətlidir, çox sevəndir”.
(Hud surəsi, 90)
Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.
(Hud surəsi, 112)
Həqiqətən, Rəbbin cahillikləri səbəbilə pis iş görüb, sonra tövbə edərək özlərini islah edənləri - (bütün) bunlardan sonra bağışlayandır, rəhm edəndir.
(Nəhl surəsi, 119)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
(Məryəm surəsi, 60)
Həqiqətən, Mən tövbə edib iman edən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!
(Taha surəsi, 82)
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi.
(Taha surəsi, 122)
Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 5)
Əgər Allahın sizə olan lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)?! Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, hikmət sahibidir.
(Nur surəsi, 10)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
(Furqan surəsi, 70)
Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.
(Furqan surəsi, 71)
Ancaq kim tövbə edib iman edər və yaxşı işlər görərsə, ümid olunur ki, o, nicat tapanlardan olar.
(Qəsas surəsi, 67)
Çünki, Allah doğru olanları doğruluqlarına görə mükafatlandıracaq, münafiqlərə də istəsə əzab verəcək, yaxud da onların tövbələrini qəbul edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 24)
Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 73)
O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır.
(Mömin surəsi, 3)
Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!
(Mömin surəsi, 7)
O, bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və etdiklərinizi biləndir.
(Şura surəsi, 25)
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
(Əhqaf surəsi, 15)
Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.
(Hucurat surəsi, 11)
Ey iman edənlər! Zənnin çoxundan uzaq durun! Həqiqətən, zənnin bir qismi günahdır. Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir.
(Hucurat surəsi, 12)
(Elçi ilə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 13)
(Ey elçi xanımları!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbiniz azmışdı. Əgər elçiyə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.
(Təhrim surəsi, 4)
Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.
(Təhrim surəsi, 5)
Ey iman edənlər! Allaha səmimi-qəlbdən tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin pisliklərinizin üstünü örtər və Allah elçisini və onunla birlikdə iman edənləri utandırmayacağı bir gündə sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Onların nuru önlərindən və sağ tərəflərindən saçılar. Onlar: “Ey Rəbbimiz! Bizim üçün nurumuzu tamamla və bizi bağışla! Şübhəsiz ki, Sən hər şeyə qadirsən”, - deyərlər.
(Təhrim surəsi, 8)
(Ey elçi!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda cəhd edənləri bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Müzzəmmil surəsi, 20)
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
(Büruc surəsi, 10)
Rəbbinə həmd edərək Onu təsbeh et və Ondan məğfirət dilə! Şübhəsiz ki, O, tövbələri qəbul edəndir.
(Nəsr surəsi, 3
)