Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
(Bəqərə surəsi, 266)
Özlərini təmizə çıxaran kimsələri görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar və onlara xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməz.
(Nisa surəsi, 49)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
Yer üzündə eyni su ilə sulanan bir-birinə qonşu ərazilər, üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır. Ancaq yeyilməsi baxımından onların bir qismini digərlərindən üstün tuturuq. Şübhəsiz ki, bunda dərk edən bir qövm üçün dəlillər vardır.
(Rad surəsi, 4)
Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 11)
Xurma və üzümün meyvələrindən də içki və gözəl qidalar əldə edirsiniz. Şübhəsiz ki, bunda düşünənlər üçün bir dəlil vardır.
(Nəhl surəsi, 67)
O gün bütün insanları rəhbərləri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ tərəfindən verilənlər öz əməl dəftərlərini oxuyacaq və onlar cüzi bir haqsızlığa belə məruz qalmayacaqlar.
(İsra surəsi, 71)
Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.
(İsra surəsi, 91)
Onlara iki adamı misal ver. Onlardan birinə iki üzüm bağı vermişdik və hər ikisini xurmalıqlarla əhatə edib aralarında da əkin bitirmişdik.
(Kəhf surəsi, 32)
Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”
(Məryəm surəsi, 23)
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün.
(Məryəm surəsi, 25)
(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
(Taha surəsi, 71)
Beləcə, su vasitəsilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada başqa bir çox meyvələr də vardır ki, onlardan yeyirsiniz.
(Muminun surəsi, 19)
Əkinlər və dəymiş meyvəli xurmalıqlarda?
(Şuəra surəsi, 148)
Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
(Yasin surəsi, 34)
Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
(Yasin surəsi, 39)
Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
(Qaf surəsi, 10)
O külək, insanları kökündən qopmuş xurma kötükləri kimi (yerdən) qopardırdı.
(Qamər surəsi, 20)
Orada meyvələr və salxımlı xurma ağacları var.
(Rəhman surəsi, 11)
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür.
(Həşr surəsi, 5)
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.
(Haqqə surəsi, 7)