Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər (hər hansı bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə (Allahı) yada salın! Təhlükə sovuşduqda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi zikr edin!
(Bəqərə surəsi, 239)
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)
(Ey Rəsulum!) Bunları sənə, ayələrdən və hikmətlə dolu olan Qurandan oxuyuruq.
(Ali İmran surəsi, 58)
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!
(Ali İmran surəsi, 191)
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir.
(Nisa surəsi, 103)
Sizi xəbərdar etmək üçün sizdən bir adam vasitəsilə Rəbbinizdən sizə bir öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz? Xatırlayın ki, O sizi Nuh qövmündən sonra onun yerinə gətirdi və sizi yaradılış etibarilə daha cüssəli etdi. Ona görə də Allahın nemətlərini xatırlayın ki, bəlkə, nicat tapasınız!”
(Əraf surəsi, 69)
Təqva sahiblərinə şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahın mükafatını və əzabını) xatırlayar və bu zaman (haqqı) görərlər.
(Əraf surəsi, 201)
Allaha yalvararaq, Ondan qorxaraq daxilən və astadan səhər-axşam Rəbbini zikr et və qafillərdən olma!
(Əraf surəsi, 205)
Ey iman edənlər, hər hansı (inkar edən) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!
(Ənfal surəsi, 45)
Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.
(Rad surəsi, 28)
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!
(Hicr surəsi, 9)
(Onları) açıq-aşkar möcüzələr və kitablarla (göndərmişdik). Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər.
(Nəhl surəsi, 44)
Ancaq: “Allah diləyərsə (“İnşaAllah” - de)!” (İnşaAllah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.
(Kəhf surəsi, 24)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
O (inkar edənlər) ki, gözləri pərdəli olduğu üçün Məni anmır və (haqqı) eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
(Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
(Məryəm surəsi, 2)
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi.
(Məryəm surəsi, 16)
Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və elçi idi.
(Məryəm surəsi, 41)
Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 51)
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
(Məryəm surəsi, 54)
Kitabda İdrisi də an! O, həqiqətən, çox dürüst bir elçi idi.
(Məryəm surəsi, 56)
Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
(Taha surəsi, 14)
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə səhlənkar olmayın!
(Taha surəsi, 42)
Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
(Taha surəsi, 124)
Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?
(Ənbiya surəsi, 10)
Yoxsa Ondan başqa ilahlarmı qəbul etdilər? De: “(Buna dair) dəlilinizi gətirin! Mənimlə birlikdə olanların da, məndən əvvəlkilərin də söylədiyi budur (tövhid inancıdır)!” Xeyr, onların çoxu haqqı bilmir. Buna görə də onlar (haqdan) üz döndərirlər.
(Ənbiya surəsi, 24)
Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz.
(Muminun surəsi, 110)
(Həmin çıraqdan) ucaldılmasına və orada Öz adının zikr edilməsinə Allahın izin verdiyi evlərdədir. Orada səhər-axşam Onu təsbeh edərlər.
(Nur surəsi, 36)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Furqan surəsi, 18)
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
(Şuəra surəsi, 227)
(Ey elçi!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir.
(Ənkəbut surəsi, 45)
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.
(Əhzab surəsi, 21)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Ey iman edənlər, Allahı çox zikr edin!
(Əhzab surəsi, 41)
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
(Yasin surəsi, 11)
Quran aramızdan məhz onamı (Məhəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.
(Sad surəsi, 8)
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
(Sad surəsi, 32)
Bu bir öyüddür. Şübhəsiz ki, müttəqilər üçün gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 49)
Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər.
(Zumər surəsi, 22)
Allah, təşbehli (mütəşabeh), ikili kitab olaraq sözün ən gözəlini endirdi. Rəblərinə qarşı içləri titrəyərək-qorxanların Ondan dəriləri ürpərər. Sonra onların dəriləri və qəlbi Allahın zikrinə (qarşı) yumşalar-sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar. Allah, kimi azdırsa, artıq onun üçün də bir yol göstərici yoxdur.
(Zumər surəsi, 23)
Həddi aşan bir qövm oldunuz deyə Quranı sizə təbliğ etməkdən vazmı keçək?!
(Zuxruf surəsi, 5)
Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
(Zuxruf surəsi, 13)
Kim Rəhman olan Allahın zikrindən (Qurandan) üz çevirərsə, Biz ona bir şeytanı mübtəla edərik. O da onun ayrılmaz dostu olar.
(Zuxruf surəsi, 36)
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlbində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
(Məhəmməd surəsi, 20)
Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
(Nəcm surəsi, 29)
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 17)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 22)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 32)
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 40)
Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
(Qamər surəsi, 25)
İman edənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlbinin ürpərmə vaxtı gəlib çatmadımı?! Onlar da daha əvvəl kitab verilənlər kimi olmasınlar! Onların (elçilərinin göndərilməsinin) üzərindən uzun bir vaxt keçmiş, buna görə də qəlbi sərtləşmişdir. Onların bir çoxu doğru yoldan çıxmış kimsələrdir.
(Hədid surəsi, 16)
Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.
(Mücadilə surəsi, 19)
Ey iman edənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
(Cümə surəsi, 9)
Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!
(Cümə surəsi, 10)
Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
(Münafiqun surəsi, 9)
Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar (gözə gətirələr). Onlar: “O divanədir!” - deyirlər.
(Qələm surəsi, 51)
Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.
(Qələm surəsi, 52)
Bununla onları sınayaq. Kim Rəbbini anmaqdan üz çevirərsə, Allah onu çətin bir əzaba salar.
(Cin surəsi, 17)
Rəbbinin adını zikr et və bütün varlığınla Ona yönəl!
(Müzzəmmil surəsi, 8)
Səhər-axşam Rəbbinin adını zikr et!
(İnsan surəsi, 25)