"Allahın qoyduğu sərhədlərə görə yaşamaq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir.
(Ənam surəsi, 119)
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
(Bəqərə surəsi, 229)
Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun elçisinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!
(Nisa surəsi, 13)
Kim Allaha və Onun elçisinə üsyan edər və Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır.
(Nisa surəsi, 14)
Kim düşmənçiliklə və zalımcasına bunu edərsə (haram yeyər, yaxud haqsız yerə birini öldürərsə), Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır.
(Nisa surəsi, 30)
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz.
(Maidə surəsi, 87)
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!
(Tövbə surəsi, 112)
Budur! Hər kim Allahın qadağalarına hörmət göstərərsə, bu, Rəbbi dərgahında onun üçün daha xeyirlidir. Sizə (haram olduğu) bildirilən heyvanlar istisna olmaqla, digərləri halal edilmişdir. Elə isə, murdar olan bütlərdən də, yalan sözdən də uzaq durun!
(Həcc surəsi, 30)
O kəslər ki, iffətlərini qoruyarlar.
(Məaric surəsi, 29)
Ancaq həyat yoldaşı və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.
(Məaric surəsi, 30)
Bundan artığını istəyənlər həddi aşanlardır.
(Məaric surəsi, 31)
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
(Talaq surəsi, 1)
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (elçiləri yalanlayanları) isə məhv etdik.
(Ənbiya surəsi, 9)
De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!”
(Maidə surəsi, 77)
Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
(Taha surəsi, 127)
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.
(Əraf surəsi, 55)