Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
(Bəqərə surəsi, 127)
Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman edsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”.
(Bəqərə surəsi, 186)
Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Ənam surəsi, 52)
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
(Ənam surəsi, 63)
De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin və dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız.
(Əraf surəsi, 29)
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.
(Əraf surəsi, 55)
Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır.
(Əraf surəsi, 56)
Onlara əzab gəldiyi zaman dedilər: “Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman edəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”.
(Əraf surəsi, 134)
Ən gözəl adlar (əsmayi-hüsna) Allaha məxsusdur. Elə isə Ona bu adlarla dua edin! Onun adları barəsində əyri yolu tutanları isə tərk edin! Onlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Əraf surəsi, 180)
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!
(Ənfal surəsi, 35)
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 99)
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir.
(Tövbə surəsi, 103)
Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
(Yunis surəsi, 10)
İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
(Yunis surəsi, 12)
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər.
(Yunis surəsi, 22)
Allah buyurdu: “İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”
(Yunis surəsi, 89)
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
(Yusif surəsi, 34)
Həqiqi dua yalnız Ona edilər. Ondan başqa dua etdikləri, onların duasını heç cür qəbul edə bilməz. Onların halı ağzına su gəlsin deyə iki ovcunu suya açan, ancaq suyun gəlib çatmadığı kimsənin halına bənzəyir. İnkar edənlərin duası ancaq zəlalətdədir (düzgün istiqamətə yönəlməmişdir).
(Rad surəsi, 14)
Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
(İbrahim surəsi, 39)
Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et!
(İbrahim surəsi, 40)
İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir.
(İsra surəsi, 11)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
(Məryəm surəsi, 48)
Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
(Ənbiya surəsi, 84)
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
(Ənbiya surəsi, 88)
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
Göylərdə və yerdə olanlarla qatar-qatar uçan quşların Allahı təsbeh etdiyini görmədinmi?! Onların hər biri öz duasını və təsbehini öyrənmişdir. Allah onların nə etdiklərini bilir.
(Nur surəsi, 41)
De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey inkar edənlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”
(Furqan surəsi, 77)
O demişdi: “Dua etdiyiniz zaman onlar sizi eşidirlərmi?
(Şuəra surəsi, 72)
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!
(Nəml surəsi, 62)
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar.
(Rum surəsi, 33)
Onlar qorxu və ümid içində Rəbbinə dua etmək üçün yataqdan qalxar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Səcdə surəsi, 16)
Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri də sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir.
(Əhzab surəsi, 43)
Əgər onları (bütləri) çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz.
(Fatir surəsi, 14)
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
(Zumər surəsi, 8)
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
İnkar edənlərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək Ona dua edin!
(Mömin surəsi, 14)
Cəhənnəmdəkilər cəhənnəm gözətçilərinə: “Rəbbinizə dua edin ki, bircə gün də olsa əzabımızı yüngülləşdirsin!” - deyəcəklər.
(Mömin surəsi, 49)
Gözətçilər: “Elçiləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. İnkar edənlərin duası isə mütləq boşa çıxar.
(Mömin surəsi, 50)
Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”.
(Mömin surəsi, 60)
O daim diridir. Ondan başqa heç bir ilah yoxdur! Elə isə dini yalnız Ona məxsus edərək dua edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
(Mömin surəsi, 65)
Biz insana nemət verdiyimiz zaman o (Bizdən) üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduqda yalvarıb-yaxarar.
(Fussilət surəsi, 51)
Onlar: “Ey sehrbaz! Sənə verdiyi sözün hörmətinə, bizim üçün Rəbbinə dua et (Rəbbin əzabı bizdən götürsün). Həqiqətən, biz doğru yola yönələcəyik!” - dedilər.
(Zuxruf surəsi, 49)
Musa: “Həqiqətən, bunlar günahkar bir qövmdür!” - deyərək Rəbbinə səsləndi.
(Duxan surəsi, 22)
(Allah buyurdu:) “Bəndələrim (İsrail oğulları) ilə birlikdə gecə yola çıx! Siz (Firon ordusu tərəfindən) təqib olunacaqsınız.
(Duxan surəsi, 23)
Şübhəsiz ki, biz daha əvvəl də Ona dua edirdik. Həqiqətən, Allah xeyirxahdır, mərhəmətlidir”.
(Tur surəsi, 28)
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
(Qamər surəsi, 10)
Allahın bəndəsi (Məhəmməd) dua etmək üçün qalxdığı zaman az qala onlar (cinlər) onun ətrafında keçə kimi bir-birinə yapışırdılar.
(Cin surəsi, 19)
De: “Mən yalnız Rəbbimə dua edirəm və heç kimi Ona şərik qoşmuram”.
(Cin surəsi, 20
)