İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcə də var. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 25)
Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
(Bəqərə surəsi, 35)
Xanımlarına yaxınlaşmamağa dair and içənlər üçün dörd ay gözləmə müddəti vardır. Əgər andlarından dönsələr, bilsinlər ki, Allah bağışlayandır, rəhm edəndir.
(Bəqərə surəsi, 226)
Sizdən ölən kimsələrin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman öz barələrində etdikləri məşru işlərdə sizə günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.
(Bəqərə surəsi, 234)
Sizlərdən vəfat edib (arxalarında) arvadını qoyub gedənlər öz zövcəsi üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
(Bəqərə surəsi, 240)
(Ey peyğəmbər!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcə və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
(Ali İmran surəsi, 15)
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən və o ikisindən də bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən (bir şey) istədiyiniz zaman adından istifadə etdiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.
(Nisa surəsi, 1)
Əgər zövcənizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
(Nisa surəsi, 12)
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?!
(Nisa surəsi, 20)
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, və onların qızları, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 23)
İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Orada onlar üçün tər-təmiz zövcə vardır. Onları (orada) sıx kölgəliklərə daxil edəcəyik.
(Nisa surəsi, 57)
Onlar: “Bu heyvanların qarınlarındakı (balaları) kişilərimizə məxsusdur (halaldır), qadınlarımıza isə haramdır”, - dedilər. Əgər (bala) ölü doğularsa, onlar (kişilər və qadınlar) ona ortaqdırlar. (Allah) onlara (bu şəkildəki halal-haram) vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
(Ənam surəsi, 139)
(Allah buyurdu:) “Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”.
(Əraf surəsi, 19)
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
(Əraf surəsi, 189)
De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
(Tövbə surəsi, 24)
(Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
Şübhəsiz, Biz səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir peyğəmbər möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır.
(Rad surəsi, 38)
Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcə yaratdı, zövcənizdən də sizin üçün oğullar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?
(Nəhl surəsi, 72)
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
(Taha surəsi, 117)
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
Ancaq zövcəsi, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.
(Muminun surəsi, 6)
Zövcəsinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
(Nur surəsi, 6)
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
(Furqan surəsi, 74)
Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı qoyub (kişilərlə yaxınlıq edirsiniz)? Xeyr, siz həddi aşan bir qövmsünüz” .
(Şuəra surəsi, 166)
Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz cinsinizdən) zövcə xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır.
(Rum surəsi, 21)
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcənizi analarınızın yerinə qoymamış, oğulluğa götürdüklərinizi də oğullarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir.
(Əhzab surəsi, 4)
Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər dünya həyatını və onun bər-bəzəyini (rifahını) istəyirsinizsə, gəlin sizə boşanma haqqınızı verim və gözəl bir şəkildə sizi boşayım.
(Əhzab surəsi, 28)
(Ey Peyğəmbər!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcəsini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
(Əhzab surəsi, 37)
Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 50)
Bundan sonra (başqa) qadınlar (ilə evlənmək) və cariyələrin istisna olmaqla, gözəllikləri sənin xoşuna gəlsə belə, bunların yerinə başqa qadınlar almaq sənə halal deyildir. Allah hər şeyə nəzarət edəndir.
(Əhzab surəsi, 52)
Ey iman gətirənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən Peyğəmbərin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, Peyğəmbərə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun! Bu, həm sizin, həm də onların qəlbi üçün daha təmiz bir davranışdır. Allahın Peyğəmbərini incitmək və ondan sonra zövcələri ilə evlənmək əsla sizə yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük bir günahdır.
(Əhzab surəsi, 53)
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcəsinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 59)
Onlar və zövcəsi kölgəliklər altındakı taxtlara söykənib oturarlar.
(Yasin surəsi, 56)
(O gün mələklərə belə deyiləcək:) “Toplayın zalımları, onların yol yoldaşlarını və ibadət etdiklərini -
(Saffat surəsi, 22)
Onların yanında baxışlarını yalnız onlara dikmiş gözəl gözlü qadınlar vardır.
(Saffat surəsi, 48)
Onların yanında gözlərini onlara dikmiş həmyaşıd zövcə olacaq.
(Sad surəsi, 52)
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cüt meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!
(Zumər surəsi, 6)
Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən.
(Mömin surəsi, 8)
O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcə, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.
(Şura surəsi, 11)
Zövcənizlə birlikdə sevinc içində cənnətə daxil olun!”
(Zuxruf surəsi, 70)
Orada gözləri ərlərindən başqasını görməyən qızlar vardır. Bundan əvvəl onlara nə bir insan, nə də bir cin toxunmuşdur.
(Rəhman surəsi, 56)
Əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Mücadilə surəsi, 1)
Əgər zövcəniz (verdiyiniz mehri qaytarmadan) sizi tərk edib inkar edənlərə qoşularsa və siz onlara qalib gəlsəniz, zövcəsi getmiş kimsələrə (onları tərk edən zövcəsi üçün) xərclədikləri (mehr) qədər (qənimət) verin. İman gətirdiyiniz Allahdan qorxun!
(Mumtəhənə surəsi, 11)
Ey iman gətirənlər! Zövcənizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.
(Təğabun surəsi, 14)
Ey Peyğəmbər! Zövcələrin (səndən) razı qalsınlar deyə Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən? Allah bağışlayandır, rəhmlidir.
(Təhrim surəsi, 1)
Bir zaman Peyğəmbər zövcələrindən birinə gizlicə bir söz demişdi. Ancaq o bunu (başqalarına) xəbər verdiyi və Allah bu haqda Peyğəmbərini məlumatlandırdığı zaman o zövcəsinə bunun bir qismini bildirmiş, bir qismini isə bildirməkdən imtina etmişdi. Bunu ona xəbər verdiyi zaman zövcəsi: “Bunu sənə kim xəbər verdi?” - demişdi. O da: “Hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah mənə xəbər verdi!” - demişdi.
(Təhrim surəsi, 3)
(Ey peyğəmbər zövcələri!) İkiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki qəlbiniz azmışdı. Əgər Peyğəmbərə qarşı bir-birinizə arxa olsanız, bilin ki, onun himayədarı Allah, Cəbrail və saleh möminlərdir. Bunlardan savayı mələklər də onun yardımçılarıdır.
(Təhrim surəsi, 4)
Əgər o sizi boşayarsa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızları zövcə olaraq bəxş edər.
(Təhrim surəsi, 5)
Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi. Onlar iki saleh bəndəmizin nikahı altında idilər. Ancaq onlar ərlərinə xəyanət etdilər. Buna görə də Allaha (Allahın əzabına) qarşı heç bir şey onlara fayda verə bilmədi. Onlara: “Girənlərlə birlikdə siz də cəhənnəmə girin!” - deyildi.
(Təhrim surəsi, 10)