Şübhəsiz, Biz Musaya kitabı verdik. Ondan sonra da peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir peyğəmbər ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
(Bəqərə surəsi, 87)
Biz o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman gətirdi, kimisi də inkar edən oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
(Bəqərə surəsi, 253)
Peyğəmbər və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
(Bəqərə surəsi, 285)
Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 179)
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?”
(Ali İmran surəsi, 183)
(Ey Peyğəmbər!) Əgər səni yalançı sayırlarsa (kədərlənmə), çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərlər də yalançı sayılmışdılar.
(Ali İmran surəsi, 184)
Ey Rəbbimiz! Peyğəmbərlərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.
(Ali İmran surəsi, 194)
Ey iman gətirənlər! Allaha, Onun Peyğəmbərinə, Peyğəmbərinə nazil etdiyi Kitaba və daha əvvəl nazil etdiyi kitablara iman gətirin (imanınızda əzmkar olun)! Kim Allahı, mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edərsə, (haqdan) uzaq bir zəlalətə düşmüş olar.
(Nisa surəsi, 136)
Allaha və peyğəmbərlərinə iman gətirərək onlardan heç birini digərindən ayırmayanlara gəldikdə, onlara mükafatlarını (Allah) verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.
(Nisa surəsi, 152)
Daha əvvəl sənə haqlarında danışdığımız peyğəmbərlərə də, danışmadığımız peyğəmbərlərə də (vəhy etdik). Allah Musa ilə sözlə danışdı.
(Nisa surəsi, 164)
Müjdə verən və xəbərdar edən (peyğəmbərlər göndərdik ki,) peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Allah qüdrətlidir, hikmət sahibidir.
(Nisa surəsi, 165)
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir.
(Maidə surəsi, 19)
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
(Maidə surəsi, 32)
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər.
(Maidə surəsi, 75)
O gün (qiyamət günü) Allah peyğəmbərləri toplayaraq: “Sizə nə cavab verildi?” - deyəcəkdir. Onlar: “Biz heç bir şey bilmirik. Həqiqətən, gizli olanları bilən Sənsən!” - deyəcəklər.
(Maidə surəsi, 109)
Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Buna görə də istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü.
(Ənam surəsi, 10)
Şübhəsiz ki, səndən əvvəlki peyğəmbərlər də yalançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, peyğəmbərlərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı.
(Ənam surəsi, 34)
Onlara bir ayə gəldiyi zaman belə deyərlər: “Allahın peyğəmbərlərinə verilənin bir bənzəri bizə də verilmədikcə, əsla iman gətirməyəcəyik!” Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar etdikləri hiyləli işlərə görə Allah dərgahında zillətə və şiddətli bir əzaba düçar olacaqlar.
(Ənam surəsi, 124)
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən peyğəmbərlər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin inkar edən olduğuna şahidlik etdilər.
(Ənam surəsi, 130)
Ey Adəm övladları! Sizə içinizdən ayələrimi oxuyan peyğəmbərlər gəldiyi zaman kim (onlara qarşı çıxmaqdan) çəkinər və özünü islah edərsə, onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Əraf surəsi, 35)
Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”. Onlara: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər.
(Əraf surəsi, 43)
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı.
(Əraf surəsi, 53)
O məmləkətlərin xəbərlərinin bir qismini sənə söyləyirik. Həqiqətən, peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq onlar daha əvvəl yalanladıqlarına iman gətirəsi deyildilər. Allah inkar edənlərin qəlbini belə möhürləyər.
(Əraf surəsi, 101)
Onlara, özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmünün, İbrahim qövmünün, Mədyən xalqının və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi?! Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm edəsi deyildi, lakin onlar özlərinə zülm edirdilər.
(Tövbə surəsi, 70)
Həqiqətən, zülm etdiklərinə və sizdən əvvəl peyğəmbərləri möcüzələr gətirdiyi halda iman gətirmədiklərinə görə neçə-neçə millətləri məhv etdik. Biz günahkar insanları belə cəzalandırırıq.
(Yunis surəsi, 13)
Sonra onun ardınca bir çox peyğəmbəri öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman gətirəsi deyildilər. Həddi aşanların qəlbini belə möhürləyirik.
(Yunis surəsi, 74)
Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. İman gətirənləri xilas etmək Bizim borcumuzdur.
(Yunis surəsi, 103)
Bu da Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar edib Onun peyğəmbərlərinə asi oldular və hər inadkar müstəbidin əmrinə uydular.
(Hud surəsi, 59)
Biz peyğəmbərlərin xəbərlərindən sənin qəlbini təskin edən nə varsa, sənə danışırıq. Bunda (bu ayələrdə) sənə həqiqət, möminlərə də nəsihət və xəbərdarlıq gəlmişdir.
(Hud surəsi, 120)
Nəhayət, peyğəmbərlər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz onlara gələr və dilədiyimiz kimsəyə nicat verilər. Əzabımız isə günahkar qövmdən dəf olunmaz.
(Yusif surəsi, 110)
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Beləcə, inkar edənlərə möhlət verdim, sonra da onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Rad surəsi, 32)
Şübhəsiz, Biz səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir peyğəmbər möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır.
(Rad surəsi, 38)
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
(İbrahim surəsi, 9)
Peyğəmbərləri (onlara) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”
(İbrahim surəsi, 10)
Peyğəmbərləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah nemətini (peyğəmbərliyi), Öz bəndələrindən dilədiyi kimsəyə bəxş edər. Allahın izni olmadan sizə bir dəlil (möcüzə) gətirə bilmərik. Möminlər Allaha təvəkkül etsinlər!
(İbrahim surəsi, 11)
İnkar edənlər isə peyğəmbərlərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (peyğəmbərlərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)
İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətinə uyaq və peyğəmbərlərə tabe olaq”. (Onlara belə deyiləcək:) “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?
(İbrahim surəsi, 44)
Ona görə də Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma! Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır.
(İbrahim surəsi, 47)
Müşriklər dedilər: “Əgər Allah diləsəydi, nə biz, nə də atalarımız Ondan başqasına ibadət edərdik. Onun əmri olmadan heç bir şeyi haram etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir.
(Nəhl surəsi, 35)
Səni yurdundan çıxartmaq üçün az qalmışdı ki, səni orada təhrik edib fitnəyə salsınlar. Əgər belə olsaydı, səndən sonra onlar (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.
(İsra surəsi, 76)
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda da belə idi. Bizim qayda-qanunumuzda heç bir dəyişiklik görə bilməzsən!
(İsra surəsi, 77)
İnkar etmələri, ayələrimə və peyğəmbərlərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)
Heç şübhəsiz, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
(Ənbiya surəsi, 41)
Allah mələklərdən də, insanlardan da elçilər seçər. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
(Həcc surəsi, 75)
Sonra bir-birinin ardınca peyğəmbərlərimizi göndərdik. Hər dəfə bir ümmətə peyğəmbəri gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman gətirməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
(Muminun surəsi, 44)
Ey peyğəmbərlər! Təmiz olan nemətlərdən yeyin və saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.
(Muminun surəsi, 51)
Nuh qövmünə gəldikdə, peyğəmbərləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
(Furqan surəsi, 37)
Elçilərimiz İbrahimə (iki oğlu olacağına dair) müjdə gətirdikləri zaman: “Şübhəsiz, biz bu məmləkətin xalqını məhv edəcəyik. Çünki oranın xalqı zalımdır”, - dedilər.
(Ənkəbut surəsi, 31)
Elçilərimiz Lutun yanına gəldiklərində Lut onlara görə narahat oldu və ürəyi sıxıldı. Onlar belə dedilər: “Qorxma, kədərlənmə! Şübhəsiz, biz arvadın istisna olmaqla, səni və ailəni xilas edəcəyik. O, (əzab içində) qalanlardan olacaqdır.
(Ənkəbut surəsi, 33)
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər.
(Rum surəsi, 9)
Şübhəsiz ki, səndən əvvəl də peyğəmbərləri öz qövmlərinə göndərdik. Peyğəmbərlər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
(Rum surəsi, 47)
Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmayıblar. Ancaq onlar da peyğəmbərlərimi yalanlamışdılar. Bəs Mənim onları inkar (məhv) etməyim necə olmuşdu?!
(Səba surəsi, 45)
Göyləri və yeri yaradan, mələkləri ikiqanadlı, üçqanadlı və dördqanadlı elçilər edən Allaha həmd olsun! O, istədiyi qədər çox yaradar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Fatir surəsi, 1)
Əgər səni yalanlayırlarsa, bil ki, səndən əvvəlki peyğəmbərlər də təkzib edilmişdilər. Bütün işlər Allaha qaytarılacaqdır.
(Fatir surəsi, 4)
Əgər onlar səni yalanlayırlarsa, bil ki, onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalanlamışdılar. Peyğəmbərləri onlara açıq-aydın ayələr (möcüzələr), səhifələr və aydınladan kitab gətirmişdilər.
(Fatir surəsi, 25)
Onların hamısı peyğəmbərləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.
(Sad surəsi, 14)
İnkar edənlər dəstələr halında cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora gəldikləri zaman onun qapıları açılacaq və oranın gözətçiləri onlara: “Sizə içinizdən sizin üçün Rəbbinizin ayələrini oxuyan və bu gününüzə qovuşacağınıza dair sizi xəbərdar edən peyğəmbərlər gəlməmişdimi?” - deyəcəklər. Onlar da: “Bəli!” - deyəcəklər. Lakin əzab sözü inkar edənlərin üzərinə vacib olmuşdur.
(Zumər surəsi, 71)
Bu ona görə idi ki, peyğəmbərləri özlərinə açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir, cəzası şiddətlidir.
(Mömin surəsi, 22)
Gözətçilər: “Peyğəmbərləriniz sizə açıq-aşkar möcüzələr gətirməmişdilərmi?” - deyə soruşacaq, onlar da: “Bəli!” - deyə cavab verəcəklər. Gözətçilər: “Elə isə özünüz dua edin!” - deyəcəklər. İnkar edənlərin duası isə mütləq boşa çıxar.
(Mömin surəsi, 50)
Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik.
(Mömin surəsi, 51)
Kitabı (Quranı) və peyğəmbərlərimizə göndərdiklərimizi təkzib edənlər tezliklə (həqiqəti) biləcəklər.
(Mömin surəsi, 70)
Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan hekayəsini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir peyğəmbər Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar və yalançılar oradaca ziyana uğrayarlar.
(Mömin surəsi, 78)
Peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
(Mömin surəsi, 83)
Çünki peyğəmbərlər onların yanına gəlib önlərindən və arxalarından (hər zaman və hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə də biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.
(Fussilət surəsi, 14)
(Ey Peyğəmbər!) Sənə deyilənlər səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən başqa bir şey deyildir. Şübhəsiz ki, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəzalandırandır.
(Fussilət surəsi, 43)
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimizdən (onların ümmətlərindən) də soruş. Məgər Biz Rəhman olan Allahdan başqa ibadət ediləsi ilahlar təyin etmişik?!
(Zuxruf surəsi, 45)
De: “İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”.
(Əhqaf surəsi, 9)
Əzmkar (ülül-əzm) peyğəmbərlərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər!
(Əhqaf surəsi, 35)
Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar Rəbbi dərgahında siddiqlər və şəhidlərdir. Onların mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
(Hədid surəsi, 19)
Həm Rəbbinizin məğfirəti, həm də Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər üçün hazırlanan və genişliyi yerlə göy arası qədər olan cənnət üçün yarışın! Bu, Allahın istədiyi kimsəyə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir.
(Hədid surəsi, 21)
Şübhəsiz ki, Biz peyğəmbərlərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və peyğəmbərlərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
(Hədid surəsi, 25)
Sonra onların ardınca peyğəmbərlərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman gətirənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir.
(Hədid surəsi, 27)
Allah (lövhi-məhfuzda): “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
(Mücadilə surəsi, 21)
Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir.
(Həşr surəsi, 6)
Rəbbinin və Onun Peyğəmbərinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.
(Talaq surəsi, 8
)