Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman etmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
(Bəqərə surəsi, 14)
(Əslində) Allah onlara istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir.
(Bəqərə surəsi, 15)
Vaxtilə Musa öz qövmünə: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar: “Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa: “Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi.
(Bəqərə surəsi, 67)
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman edənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
(Bəqərə surəsi, 212)
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (inkar edənlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və inkar edənləri cəhənnəmdə bir yerə toplayacaqdır.
(Nisa surəsi, 140)
Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun!
(Maidə surəsi, 57)
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
(Maidə surəsi, 58)
Onlara haqq gəldiyi vaxt onu yalan saydılar. Ancaq məsxərəyə qoyduqlarının xəbərləri tezliklə onlara gələcəkdir.
(Ənam surəsi, 5)
Səndən əvvəlki elçilər də məsxərəyə qoyulmuşdular. Buna görə də istehza etdikləri (əzab) məsxərəyə qoyanları bürümüşdü.
(Ənam surəsi, 10)
Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma!
(Ənam surəsi, 68)
Münafiqlər qəlbində olan şeyləri özlərinə xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyləri ortaya çıxaracaqdır”.
(Tövbə surəsi, 64)
Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan: “Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, - deyərlər. De ki: “Allaha, Onun ayələrinə və elçisinəmi istehza edirsiniz?
(Tövbə surəsi, 65)
Könüllü surətdə sədəqə verən möminləri ayıblayan və çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 79)
Əgər onlara gələcək əzabı az bir vaxta qədər gecikdirsək, şübhəsiz: “Ona mane olan nədir?” - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün onlardan dəf edilməyəcək və məsxərəyə qoyduqları əzab onları bürüyəcəkdir.
(Hud surəsi, 8)
Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi: “Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq.
(Hud surəsi, 38)
Həqiqətən, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Beləcə, inkar edənlərə möhlət verdim, sonra da onları (əzabla) yaxaladım. Mənim cəzalandırmağım necə idi?!
(Rad surəsi, 32)
Onlar özlərinə gələn hər bir elçiyə istehza edirdilər.
(Hicr surəsi, 11)
İstehza edənlərə qarşı Biz sənə yetərik.
(Hicr surəsi, 95)
Nəhayət, etdikləri (pis) əməllərin cəzasına düçar oldular və istehza etdikləri (əzab) onları bürüdü.
(Nəhl surəsi, 34)
Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!
(İsra surəsi, 51)
Biz elçiləri yalnız müjdə verən və xəbərdar edən olaraq göndərdik. İnkar edənlər isə haqqı (Quranı) ortadan qaldırmaq üçün batil vasitəsilə mübarizə aparırlar. Onlar Mənim ayələrimi və xəbərdar edildikləri şeyi məsxərəyə qoydular.
(Kəhf surəsi, 56)
İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)
(Ey elçi!) inkar edənlər səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyərlər:) “Sizin ilahlarınıza dil uzadan budurmu?” Halbuki Rəhmanın Kitabını inkar edənlər onların özləridir.
(Ənbiya surəsi, 36)
Heç şübhəsiz, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
(Ənbiya surəsi, 41)
Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz.
(Muminun surəsi, 110)
Səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyirlər): “Allahın elçi göndərdiyi şəxs budurmu?!
(Furqan surəsi, 41)
Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri onlara gələcəkdir.
(Şuəra surəsi, 6)
Ancaq Allahın ayələrini yalanlayaraq və lağa qoyaraq pislik edənlərin aqibəti çox pis oldu.
(Rum surəsi, 10)
Özlərinə bir elçi gəldikdə onu ələ salan insanların vay halına!
(Yasin surəsi, 30)
Xeyr! Sən (Allahın qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar.
(Saffat surəsi, 12)
Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.
(Saffat surəsi, 14)
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlərmi?”
(Sad surəsi, 63)
Etdikləri pis işlər onların qarşısına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir.
(Zumər surəsi, 48)
Buna görə də hər kəs: “Allaha qarşı həddi aşdığım üçün çox peşmanam. Həqiqətən, mən istehza edənlərdən olmuşam”, - deyəcəyi gündən çəkinsin!
(Zumər surəsi, 56)
Elçiləri onlara açıq-aydın möcüzələr gətirdiyi zaman onlar öz elmləri ilə qürrələndilər. Beləcə, istehza etdikləri əzab onları bürüdü.
(Mömin surəsi, 83)
Onlar özlərinə gələn hər bir elçiyə istehza edirdilər.
(Zuxruf surəsi, 7)
O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
(Casiyə surəsi, 9)
Etdikləri əməllərin pislikləri onlara görünmüş və istehza etdikləri (əzab) onları bürümüşdür.
(Casiyə surəsi, 33)
Bu ona görədir ki, siz Allahın ayələrini ələ salırdınız və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaqlar və onlardan Allahın rizasını qazanmaları da tələb olunmayacaqdır.
(Casiyə surəsi, 35)
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbi onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə də istehza etdikləri (əzab) onları bürüdü.
(Əhqaf surəsi, 26)
Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır.
(Hucurat surəsi, 11)
Hər bir qeybət edən və tənə vuranın vay halına!
(Hüməzə surəsi, 1
)