Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, bu (səbir və namaz), xüşu ilə itaət edənlərdən başqasına ağır gələr.
(Bəqərə surəsi, 45)
Ey iman edənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir.
(Bəqərə surəsi, 153)
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!
(Ali İmran surəsi, 200)
Sən sadəcə olaraq Rəbbimizin möcüzələri bizə gəldiyi zaman iman etdik deyə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə bol-bol səbir ver və müsəlman olaraq canımızı al!”
(Əraf surəsi, 126)
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir!
(Ənfal surəsi, 66)
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub elçi) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”.
(Yusif surəsi, 18)
(Yaqub) dedi: “Xeyr, öz nəfsiniz sizi belə bir işə sövq etdi. Ona görə də mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Ola bilsin ki, Allah onların hamısını mənə gətirər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hikmət sahibidir”.
(Yusif surəsi, 83)
(Xızır) dedi: “Bu, mənimlə sənin ayrılma vaxtımızdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
(Kəhf surəsi, 78)
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
(Kəhf surəsi, 82)
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
(Taha surəsi, 130)
Ona görə də sən gözəl bir şəkildə səbir et!
(Məaric surəsi, 5)
Ona görə də sən Rəbbinin hökmünə (boyun əyib) səbir et və onlardan günahkar, yaxud nankor olana boyun əymə!
(İnsan surəsi, 24)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
(Ali İmran surəsi, 125)
Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?!
(Ali İmran surəsi, 142)
Neçə-neçə elçi vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər.
(Ali İmran surəsi, 146)
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.
(Ali İmran surəsi, 186)
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25)
Şübhəsiz ki, səndən əvvəlki elçilər də yalançı sayılmışdılar. Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı. Heç kim Allahın sözlərini dəyişdirə bilməz! Şübhəsiz ki, elçilərə aid xəbərlərin bir qismi sənə də gəlib çatdı.
(Ənam surəsi, 34)
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin! Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”.
(Əraf surəsi, 128)
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik.
(Əraf surəsi, 137)
Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
(Ənfal surəsi, 46)
(Ey elçi!) Sənə gələn vəhyə tabe ol və Allah (onlar barəsində) hökm verənə qədər səbir et! O, hökm verənlərin ən yaxşısıdır.
(Yunis surəsi, 109)
Ancaq (müsibətlərə) səbir edib yaxşı işlər görənlər istisnadır. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hud surəsi, 11)
(Ey elçi!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən bilirdin, nə də qövmün. Ona görə də səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərin olacaqdır.
(Hud surəsi, 49)
(Ey elçi!) Səbirli ol! Şübhəsiz ki, Allah gözəl əməl sahiblərinin mükafatını zay etməz.
(Hud surəsi, 115)
Onlar dedilər: “Doğrudan da, sən Yusifsənmi?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. (Bir-birimizə qovuşmağı) Allah bizə lütf etdi. Şübhəsiz ki, kim (pis əməllərdən) çəkinər və səbir edərsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz”.
(Yusif surəsi, 90)
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.
(Rad surəsi, 22)
“Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!”
(Rad surəsi, 24)
Şübhəsiz ki, Biz Musanı da öz qövmünü qaranlıqlardan aydınlığa çıxartması və onlara Allahın günlərini (nemətlərini) xatırlatması üçün möcüzələrimizlə göndərdik. Həqiqətən, bunda çox səbir edib şükür edən hər kəs üçün ibrətlər vardır.
(İbrahim surəsi, 5)
Bizə yollarımızı (iman və qurtuluş yolunu) göstərdiyi halda nəyə görə Allaha təvəkkül etməməliyik?! Sizin bizə verdiyiniz əziyyətlərə mütləq səbir edəcəyik. Təvəkkül edənlər də Allaha təvəkkül etsinlər!”
(İbrahim surəsi, 12)
Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”.
(İbrahim surəsi, 21)
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir.
(Nəhl surəsi, 42)
Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan isə əbədidir. Şübhəsiz, səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
(Nəhl surəsi, 96)
Əziyyətə məruz qaldıqdan sonra hicrət edib, sonra da səbir edərək cihad edənləri – bunlardan sonra Rəbbin şübhəsiz ki, bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi, 110)
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir.
(Nəhl surəsi, 126)
Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
(Nəhl surəsi, 127)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
O dedi: “Doğrusu, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən!
(Kəhf surəsi, 67)
Axı (həqiqətini) dərk edə bilmədiyin bir şeyə necə səbir edə bilərsən?
(Kəhf surəsi, 68)
Musa dedi: “İnşaAllah, sən mənim səbirli olduğumu görəcəksən. Sənin işlərinə qarşı çıxmayacağam!”
(Kəhf surəsi, 69)
(Xızır:) “Mən demədimmi ki, sən mənimlə (yoldaşlığa) səbir edə bilməzsən?” - dedi.
(Kəhf surəsi, 72)
(Xızır) dedi: “Sənə deməmişdimmi ki, mənim yanımda səbir edə bilməzsən?
(Kəhf surəsi, 75)
İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi.
(Ənbiya surəsi, 85)
O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
Şübhəsiz ki, bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar əsil uğur qazananlardır.
(Muminun surəsi, 111)
(Ey elçi!) Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
(Furqan surəsi, 20)
Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)
Onlara səbirli olmaları, pisliyi yaxşılıqla dəf etmələri və verdiyimiz ruzidən infaq etmələri səbəbilə mükafatları iki dəfə veriləcəkdir.
(Qəsas surəsi, 54)
Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
(Qəsas surəsi, 80)
O kəslər ki, səbir edər və Rəbbinə təvəkkül edərlər!
(Ənkəbut surəsi, 59)
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!
(Rum surəsi, 60)
Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.
(Loğman surəsi, 17)
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Loğman surəsi, 31)
Səbir etdiklərinə görə onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etdik. Onlar ayələrimizə yəqinliklə inanırdılar.
(Səcdə surəsi, 24)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb ibrətamiz hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Səba surəsi, 19)
Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et!”, - dedi.
(Saffat surəsi, 102)
(Ey elçi!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 17)
“Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 44)
De: “Ey İman edən bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”.
(Zumər surəsi, 10)
Ona görə də səbir et! Şübhəsiz ki, Allahın vədi haqdır. Sən günahlarının bağışlanmasını dilə və səhər-axşam Rəbbini həmd ilə təsbeh et!
(Mömin surəsi, 55)
Ona görə də səbir et! Həqiqətən, Allahın vədi haqdır. Heç şübhəsiz, ya onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərəcəyik, ya da daha əvvəl sənin canını alacağıq. Onlar Bizə qaytarılacaqlar.
(Mömin surəsi, 77)
Onlar dözə bilsələr də, bilməsələr də onların yeri cəhənnəmdir. Onlar (təkrar dünyaya qayıdıb Allahı) razı salmaq istəsələr də, onlar razı salınmayacaqlar.
(Fussilət surəsi, 24)
Bu (xüsusiyyət) yalnız səbir edənlərə və yalnız (xeyirdən) böyük nəsibi olanlara verilər.
(Fussilət surəsi, 35)
Əgər Allah istəsə, küləyi dayandırar və beləcə, gəmilər dənizdə dayanıb qalar. Çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
(Şura surəsi, 33)
Əzmkar (ülül-əzm) elçilərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər!
(Əhqaf surəsi, 35)
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)
Əgər sən çölə çıxıb onların yanına gedənə qədər səbir etsəydilər, şübhəsiz ki, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir.
(Hucurat surəsi, 5)
Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et!
(Qaf surəsi, 39)
Girin ora! (Əzaba) dözsəniz də, dözməsəniz də sizin üçün birdir. Siz yalnız etdiklərinizə görə cəzalandırılırsınız”.
(Tur surəsi, 16)
Elə isə sən Rəbbinin hökmü gələnə qədər səbirli ol! Şübhəsiz ki, sən Bizim gözümüzün önündəsən (nəzarətimizdəsən). Ayağa (namaza) durduğun zaman Rəbbini həmd ilə təsbeh et!
(Tur surəsi, 48)
Onları sınamaq üçün dişi bir dəvə göndərən Bizik. (Ey Saleh!) Ona görə də sən onları gözlə və səbir et!
(Qamər surəsi, 27)
Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
(Qələm surəsi, 48)
Onların dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş!
(Müzzəmmil surəsi, 10)